Azərbaycan

 

16 oktyabr 1923 – Xalq yazıçısı, şair, ədəbiyyatşünas Gülhüseyn Hüseynoğlu (Gülhüseyn Hüseyn oğlu Abdullayev; 1923 – 8.7.2013) Masallı rayonunun Mollaoba kəndində doğulub. Azərbaycan ədəbiyyatında mənsur şeirin dəyərli nümunələrini yaradıb. BDU-nun professoru olub.

16 oktyabr 1926 – Bəstəkar, pedaqoq, Xalq artisti, professor Ramiz Mustafayev (1926 – 10.4.2008) anadan olub. “Vaqif, “Polad”, “Xan və əkinçi” operalarının, operettaların, simfoniyaların və s. müəllifidir. 1940-cı illərdə Akademik Dram Teatrında aktyor kimi fəaliyyət göstərib.

16 oktyabr 1935 – Yazıçı və kinodramaturq Əli Hüseyn oğlu Qafarov (1935-1979) anadan olub. “Azərbaycanfilm”də çəkilmiş bir neçə bədii (“Qızıl qaz”, “Çarvadarların izi ilə”) və sənədli filmlərin ssenari müəllifidir.

16 oktyabr 1946 – Kinooperator Köçəri Məmmədov (1946-2008) Gədəbəy rayonunda doğulub. Azərbaycanın yeni tarixini əks etdirən sənədli və xronikal filmlərin operatoru olub.

16 oktyabr 1995 – Yazıçı Firudin Balakişi oğlu Ağayev (22.11.1933 – 1995) vəfat edib. Əsərləri əsasında “Skripkanın sərgüzəşti”, “İşarəni dənizdən gözləyin” filmləri çəkilib.

 

17 oktyabr 1915 – Operator, rejissor, Xalq artisti Cavanşir Musa oğlu Məmmədov (1915-1997) Şuşada doğulub. Müharibə illərində (1941-1945) Mərkəzi sənədli filmlər studiyasında fəaliyyət göstərib. Bakı kinostudiyasında sənədli filmlər çəkib.

17 oktyabr 1924 – Şair Hüseyn Razi (Hüseyn Məmməd oğlu Rzayev; 1924 - 17.2.1998) Ordubad rayonunun Dəstə kəndində anadan olub.

17 oktyabr 1936 – Yazıçı Çingiz Əbülhəsən oğlu Ələkbərzadə (1936 – 7.1.1999) anadan olub. “Güllələr dənizdə sönür”, “Qızıl yəhərli at” və s. kitabların, “Vulkana doğru” filminin ssenari müəllifidir.

17 oktyabr 1949 – Tanınmış dilçi alim, türkoloq, filologiya elmləri doktoru Məhəbbət Mirzəxan qızı Mirzəliyeva (1949 – 22.7.2016) Bakıda anadan olub.

17 oktyabr 2003 – Tanınmış şair Nüsrət Yusif oğlu Kəsəmənli (29.12.1946 – 2003) vəfat edib. Bir çox şeirlərinə musiqi bəstələnib, sənədli filmlərin ssenari müəllifidir. “Azərbaycanfilm”də baş redaktor işləyib, “Doğma sahillər” filmində çəkilib.

 

18 oktyabr 1926 – Teatr rejissoru, pedaqoq Nəsir Müseyib oğlu Sadıqzadə (1926-1996) Şuşada anadan olub. Akademik Dram, Gəncə, Sumqayıt və b. teatrlarda çalışıb, Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. Filmlərdə (“Qətl günü”, “Bəxt üzüyü” və s.) çəkilib. 

18 oktyabr 1949 – Tanınmış rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu (Həsənov; 1949 – 12.5.2011) Bakının Mərdəkan qəsəbəsində doğulub. Musiqili Komediya, Milli Dram teatrlarında tamaşalar hazırlayıb. 1989-cu ildə Yuğ teatrını yaradıb. Filmlərdə çəkilib: “Qəm pəncərəsi”, “Otel otağı” və s.

 

19 oktyabr 1898 – Tanınmış ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Feyzulla Qasımzadə (1898 – 29.3.1976) Bakıda anadan olub.

19 oktyabr 1932 – Əməkdar incəsənət xadimi, rəssam Sara Məmmədağa qızı Manafova (1932 –13.8.2007) Bakıda anadan olub. Füzulinin “Leyli və Məcnun” poemasına triptix, “Xocalı faciəsi. Haray” və s. tabloların müəllifidir. Əsərləri Moskvada Şərq Xalqları İncəsənəti Muzeyində saxlanılır.

 

19 oktyabr 1972 – Opera müğənnisi, Xalq artisti Fatma Səttar qızı Muxtarova (26.3.1893 – 1972) vəfat edib. 1938-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

19 oktyabr 1995 – Şair, dramaturq Novruz Gəncəli (Novruz İsmayıl oğlu Sadıqov; 12.9.1921 – 1995) vəfat edib.

 

Dünya

 

16 oktyabr 1888 – Amerika dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1936) Yudjin O’Nil (Eugene Gladstone O’Neill; 1888-1953) anadan olub.  Pyesləri: “Üfüqün arxasında”, “Buz paylayan gələcək”, “Qarağaclar altında məhəbbət”.

16 oktyabr 1927 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1999) Günter Qrass (Günter Wilhelm Grass; 1927 – 13.4.2015) anadan olub. Əsərləri: “Tənəkə təbili”, “Pişik və siçan”, “İt illəri”, “İblisin gündəliyindən”.

 

17 oktyabr 1849 – Polyak bəstəkarı və pianoçusu, romantizmin parlaq nümayəndəsi Frederik Şopen (Fryderyk Chopin; 22.2.1810 – 1849) vəfat edib. Vals, noktürn, ballada, sonata və digər janrlarda əsərlərin müəllifidir.

 

18 oktyabr 1859 – Fransız filosofu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1927) Anri Berqson (Henri-Louis Bergson; 1859-1941) anadan olub. Əsərləri: “Yaradıcılıq təkamülü”, “Materiya və yaddaş”.

 

19 oktyabr 1899 – Qvatemala yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1967) laureatı Migel Anxel Asturias (Miguel Angel Asturias; 1899-1974) anadan olub. Əsərləri: “Senyor prezident”, “Dəfn olunmuşların başçısı” və s.

Hazırladı:  Vüqar ORXAN