Azərbaycan Turizm Assosiasiyası ilə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilənin imzalanmasında məqsəd sahibkarlığın inkişafı və turizm sahəsində biznes mühitinin yaxşılaşdırılması, turizm təşkilatlarının və mehmanxanaların potensial imkanlarının gücləndirilməsi, turistlərin maraqlarının müdafiə edilməsidir. Sənəd ölkədə turizmin inkişafı üzrə proqram və layihələrin hazırlanmasına, birgə treninqlərin keçirilməsinə, habelə Azərbaycan sahibkarlarının xaricdə keçirilən tədbirlərdə iştirakına zəmin yaradacaq.
   Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov qəzetimizə açıqlamasında bildirdi ki, müqavilədən irəli gələn məqsədlərdən biri də odur ki, sahibkarlar turizm üzrə təhsil ocaqlarını bitirən tələbələrin işə düzəlməsində Turizm Assosiasiyasına yardımçı olsunlar: «Müqavilə hər üç tərəf üçün sərfəlidir. İşbirliyi nəticəsində sahibkarlar ixtisaslı kadr tələbatlarını ödəyəcəklər, konfederasiya və AZTA-nın isə nüfuzu yüksələcək. Əsas məsələ kadr hazırlığıdır. Apardığımız təhlillər nəticəsində müəyyənləşdirmişik ki, Azərbaycanda fəaliyyət göstərən əksər hotellərin baş menecerləri, xüsusilə də xaricdən dəvət edilən menecerlər turizm təhsili verən təhsil ocaqları ilə əməkdaşlıq etmirlər. Bu baxımdan məqsədimiz sahibkarların diqqətini bu səmtə yönəltməkdir».
   Assosiasiya təmsilçisinin fikrincə, Avropa standartlarına yaxınlaşmağın yeganə yolu budur: «Məqsədimizə nail olmağın yeganə yolu birgə səy nəticəsində mümkündür. İmzalanan sazişin də məqsədi budur ki, biz bir yerdə daha səmərəli işlər görə bilək».
   
   Turizmin inkişaf perspektivlərinə həsr olunmuş konfrans

   
   Aprelin 22-də Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Turizm Assosiasiyası, Turizm İnstitutunun iştirakı ilə birgə konfrans keçiriləcək. AZTA sədrinin müşaviri Müzəffər Ağakərimovun bildirdiyinə görə, konfransın mövzusu «Azərbaycanda turizm: problemlər və inkişaf perspektivləri» olacaq. Konfransda Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri, hotellərin baş menecerləri, turizm fəaliyyəti ilə məşğul olan sahibkarlar, turizm üzrə təhsil müəssisələrinin nümayəndələri iştirak edəcək. Tədbirdə turizm sahəsində mövcud olan problemlərin həlli ilə bağlı müzakirələr aparılacaq, müvafiq dövlət qurumlarına ölkəmizdə turizmi daha da inkişaf etdirmək üçün təkliflər hazırlanacaq.
   
   
  Fəxriyyə Abdullayeva