Daxili turizm sərgisində 15 rayonun turizm imkanları nümayiş olunacaq
Aprelin 28-30-da Bakıda keçiriləcək «AİTF-2011» Beynəlxalq turizm və səyahətlər sərgisi ilə eyni vaxtda ölkəmizin bölgələrinin turizm imkanlarına həsr olunmuş daxili turizm sərgisi də keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan sərgi ilk dəfə ötən il gerçəkləşmişdi.
II Respublika daxili turizm sərgisində ümumilikdə 18 stend qurulacaq. Bunlardan 15-də Azərbaycanın müxtəlif regionlarının turizm imkanları nümayiş olunacaq, 3-də isə Mədəniyyət və Turizm Nazirliyi təmsil olunacaq, həmçinin Şahdağ qış-yay turizm kompleksi haqqında geniş məlumatlar yerləşdiriləcək. Sərgidə «Yeni yaradılan infrastruktur» adlı yeni stend də təqdim ediləcək. Burada ölkəmizdə yeni tikilən mehmanxanalar haqqında məlumatlar əksini tapacaq. Mədəniyyət və Turizm Nazirliyinin stendində Azərbaycan Turizm İnstitutu da təmsil olunacaq.
Sərgidə Azərbaycanın 15 rayonundan 83 mehmanxana və mehmanxana tipli obyekt təmsil olunacaq. Üç gün ərzində ziyarətçilər Bakı-Abşeron, Quba-Qusar, Xaçmaz, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala, Gəncə, Qarabağ, Naxçıvan, Masallı, Lənkəran, Lerik bölgələrinin turizm potensialı haqqında məlumatlarla tanış olmaq imkanı əldə edəcəklər.
Bakı-Abşeron tarixi abidələri, Naxçıvan təbii suları ilə tanınır
Bakı və Abşeron yarımadası turizm zonası kimi ilk növbədə qədim tarixə malik abidələri və əlbəttə ki, Xəzər dənizi sahilindəki istirahət məkanları ilə diqqəti cəlb edir. Azərbaycanda fəaliyyət göstərən turizm obyektlərinin əksəriyyəti də elə bu ərazidə yerləşir. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən verilən məlumata görə, Bakı-Abşeron ərazisində 98 mehmanxana və mehmanxana tipli obyekt müvafiq lisenziya əsasında fəaliyyət göstərir.
Ölkəmizin ən qədim yurd yerlərindən olan Naxçıvan da böyük turizm potensialına malikdir. Naxçıvanın coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri turizmin inkişafına əlverişli zəmin yaradır. Muxtar respublikadakı Duzdağ Fizioterapiya Mərkəzi, “Şahbuz” Dövlət Təbiət Qoruğu və Zəngəzur Milli Parkı turistlərin çox sevdiyi məkanlardır. Naxçıvanın mineral suları bronxial astma, sinir sistemi xəstəliklərinin müalicəsində geniş istifadə edilir. Həmin sularda şəfa tapmaq üçün qonşu İran və Türkiyədən, digər ölkələrdən turistlər buraya üz tuturlar.
Quba-Qusar və Xaçmaz: qış-yay turizmi üçün əvəzsiz məkanlar
Azərbaycanın bölgələrindəki turizm potensialı bu yerlərin təbii-coğrafi şəraiti, zəngin flora və faunası, gözəl təbiəti ilə də şərtlənir. Quba-Qusar bölgəsi hündür şəlalələri ilə diqqəti cəlb edir. Turistlər xüsusilə Ləzə və Şahnabaz şəlalələrinə maraq göstərirlər.
Qusar həmçinin dağları və zirvələri ilə alpinistləri cəlb edir. Bu rayonda inşa olunan «Şahdağ» qış-yay turizm kompleksi sərgidə xüsusi stenddə təmsil olunacaq. Ləzə kəndindən Quba rayonunun Xınalıq kəndinə piyada getmək olar. Son vaxtlar piyada turizm həvəskarları məhz bu marşruta üstünlük verirlər.
Xaçmaz rayonunun təbii-coğrafi mövqeyi onu Azərbaycanın ən tanınmış turizm məkanlarından birinə çevirib. Burada ən çox çimərlik turizmi inkişaf edib. Rayon mərkəzindən çox da uzaqda olmayan Nabranın adını eşidəndə adamın gözləri önünə ilk olaraq dəniz və çimərliklər gəlir. Hazırda Qubada 13, Qusarda 6, Xaçmazda isə 32 turizm obyekti lisenziya ilə fəaliyyət göstərir.
Şamaxı, Şəki, Qəbələ, İsmayıllı: tarixi irs və müasir infrastruktur
Şəki öz sənətkarlığı ilə həmişə diqqət mərkəzində olub və bu bölgənin sənətkarlıq nümunələri sərgidə təqdim ediləcək. Rayonda son illər turizm infrastrukturunun yaradılması istiqamətində xeyli iş görülüb. Yeni mehmanxanalar, kotteclər, turizm xidməti obyektləri, digər sosial obyektlər inşa edilir, yollar salınır. Bu amillər isə Şəkiyə gələn turistlərin sayının artmasına səbəb olur. Əgər 2004-cü ildə rayona gələn turistlərin sayı cəmi 2800 nəfər təşkil etmişdisə, 2010-cu ildə Şəkiyə 15 minə yaxın turist gəlib. Hazırda rayonda 12 turizm obyekti lisenziya ilə fəaliyyət göstərir.
Şamaxı bənzərsiz bulaqları ilə məşhurdur. Bu rayonda yay və qış turizmi, həmçinin kənd yaşıl turizmi inkişaf edib. Son vaxtlar isə atçılıq turizminə də diqqət artırılıb. Maraqlı yerlərə atla gəzintilər turistlərin çox sevdiyi məşğuliyyətdir. Rayonda lisenziya ilə 12 turizm obyekti fəaliyyət göstərir.
Qəbələ rayonuna səfər edən yerli və xarici turistlərin sayı da ilbəil artır. 2010-cu ildə Qəbələyə 30 mindən çox turist səfər edib. Onlardan 4 mindən çoxu xarici turistlər olub. Rayondakı turizm-istirahət obyektlərindən 10-u lisenziya ilə fəaliyyət göstərir.
Sərgidə İsmayıllı rayonu da geniş təbliğ ediləcək. Rayonun dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Lahıc kəndi sənətkarları ilə məşhurdur. Müxtəlif ölkələrdən respublikamıza gələn turistlər Lahıca xüsusi maraq göstərirlər. Hər il təkcə Lahıca 8-10 min qonaq gəlir ki, onların da 80%-i əcnəbilər olur.
Qazax-Gəncə, Qax-Zaqatala və cənub bölgəsi: zəngin etnoqrafiya və füsunkar təbiət
Qazax Azərbaycanın mədəniyyət mərkəzlərindən biridir. Sərgidə rayonun tarixini, mədəniyyətini, məişətini, etnoqrafiyasını əks etdirən müxtəlif eksponatlar nümayiş etdiriləcək. Tədbirdə rayonun folklor ansamblının çıxışı da nəzərdə tutulur.
Gəncənin stendində şəhər sənətkarlarının əl işlərini, maraqlı suvenirləri görmək mümkün olacaq. Burada həmçinin şəhərin mehmanxanaları, Gəncə Şərab Zavodunun məmulatları, Göygöl, Hacıkənd, Daşkəsəndə olan istirahət məkanları haqqında məlumatlar yer alacaq.
Qax və Zaqatala rayonlarının stendlərində də ziyarətçilər üçün maraqlı turizm məhsulları yerləşdiriləcək. Hazırda Qaxda 7, Zaqatalada isə 6 turizm obyekti rəsmi fəaliyyətdədir.
Masallı rayonu təbiətinə görə Azərbaycanın səfalı və füsunkar guşələrindən biridir. Rayonda Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında 22 turizm obyekti fəaliyyət göstərir. Ötən ildən turistlər üçün Masallı-Lerik-Astara istiqamətində marşrutlar hazırlanıb. Lənkəranda isə 9 turizm obyekti rəsmi qeydiyyatdadır.
Ötən il Azərbaycana 1,5 milyon turist gəlib
Qeyd edək ki, Azərbaycanda turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək məqsədilə bölgələr üzrə 7 turizm marşrutu müəyyənləşdirilib. Bunlardan 4-ü əsas, 3-ü isə əlavə marşrut hesab edilir. Əsas turizm marşrutları Bakı-Xaçmaz, Bakı-Balakən, Bakı-Astara və Bakı-Qazax, əlavə marşrutlar isə Bakı-Abşeron yarımadası, Bakı-Dağlıq Qarabağ, Bakı-Naxçıvandır.
Əsas marşrutlar üzərində yerləşən rayonlarda müxtəlif turizm növlərini inkişaf etdirmək istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən layihələr həyata keçirilir. Həmin rayonlar beynəlxalq səviyyədə də təbliğ olunur. Avropa Şurasının təcrübəsi çərçivəsində bu rayonların turizm imkanlarının tanıtdırılması üçün mədəni miqyas layihələri həyata keçirilir. Bunlar «Böyük İpək yolu», «Şərab yolu», «Xalçaçılıq», «Aleksandr Düma Qafqazda» və «Azərbaycanda alman məskənləri» layihələridir. Bu, eyni zamanda ölkəmizə gələn turistlərin sayının artmasına və çoxçeşidli turizm məhsulunun yaradılmasına xidmət edir.
Görülən kompleks işlərin nəticəsi olaraq Azərbaycana gələn turistlərin sayı ilbəil artır, ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin şəbəkəsi genişlənir. Rəsmi məlumatlara görə, ötən il Azərbaycana 1 milyon 962 min, 906 nəfər əcnəbi gəlib. Onlardan 1 milyon 494 min 725 nəfəri turist olub. İndiyədək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanda 309 mehmanxanaya turizm fəaliyyətinə dair lisenziya verilib. Ölkədə mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin sayı 499-dur. Onların təxminən 35 faizi Bakı şəhərinin payına düşür. Bu obyektlərdə 30 min 793 yataq yeri var. Ötən il Azərbaycandan kənara gedən turistlərin sayı isə 3 milyon 175 min 606 nəfər olub. Hazırda ölkədə 211 turizm şirkəti nazirliyin lisenziyası əsasında fəaliyyət göstərir.
Fəxriyyə Abdullayeva