Reklam - istifadəçi və ya tamaşaçı cəlb etmək məqsədilə müxtəlif üsullarla hər hansı məhsulun tanıdılmasıdır. Turizm sahəsində də reklam çarxlarının rolu danılmazdır. 
   
   Bu reklam çarxları sayəsində hər kəs internet və ya televiziya vasitəsilə istənilən ölkə haqqında, onun turizm imkanları, istirahət məkanları və s. barədə məlumat əldə edə bilir. Ölkənin tanıdılması məqsədilə çəkilən hər bir çarx turist cəlbetmə gücünə malik olmalıdır. Bu baxımdan turizm reklam çarxının estetik və texniki cəhətdən professionallığı dünya reklam bazarının yüksək şərtlərinə uyğun gəlməlidir.
   2011-ci ilin Azərbaycanda “Turizm ili” elan olunması bu sahədə reklam-tanıtım çarxlarının dünya miqyasına daha geniş şəkildə çıxarılması üçün bir vəsilədir.
   Qeyd edək ki, son illər ölkəmizin turizm imkanlarından bəhs edən “Azərbaycan”, “Odlar yurduna xoş gəldiniz”, “Ecazkar rənglər diyarı”, “Bakı”, “Azərbaycanı kəşf et” və s. başlıqlı reklam çarxları dünyanın bır sıra nüfuzlu telekanallarında (CNN, Euronews və s.) nümayiş olunub. Bu çarxların demək olar ki, hamısı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən maliyyələşdirilib. Bu sifarişlər özəl reklam şirkətləri və ya kinostudiyalar tərəfindən çəkilir. Turizmlə bağlı çarxların çəkilməsi sevindirici haldır. Bununla belə, Azərbaycanda özəl turizm şirkətləri bu tip reklam çarxlarının çəkilişinə hələ ki, o qədər də maraq göstərmirlər.
   “Millennium Tourism & Congress DMC” şirkətinin direktoru Ruslan Quliyev turizm işində reklam çarxlarının böyük əhəmiyyəti olduğunu deyir: ”Turizm şirkəti olaraq özəl sifariş əsasında təxminən iki il öncə Lerik-Lənkəran turizm zonası - “uzunömürlülər diyarı” haqda çarx çəkmişik. Bu il isə yerli telekanallarda Yeni il, Novruz bayramları ərəfəsində turistik reklam çarxları nümayiş olunurdu. Turizm ilinin elan olunması ilə bağlı bu il bir neçə layihəmiz var. Xüsusən də yerli telekanallarda turizmin alternativ növlərinin təbliğatı ilə bağlı verilişlərin hazırlanmasını düşünürük. Ümid edirəm ki, 2 ay ərzində layihəmiz artıq hazır olacaq. Turizmin təbliğində, ölkənin tanıdılması və ən əsası turistlər cəlb etməkdə reklam çarxlarının rolu danılmazdır. Biz ölkəyə gələn turistlərə Azərbaycan haqda çəkilmiş reklam çarxlarının disklərini və məlumat-təbliğat xarakterli kitabları hədiyyə edirik”.
   Turizmlə bağlı reklam çarxları sifariş əsasında həyata keçirildiyi üçün icraçı qismində reklam şirkətləri və ya kinostudiyalar çıxış edir. Ötən il Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycanı kəşf et” adlı turizmlə bağlı 9 dəqiqəlik çarx çəkildi. “CineAlliance” kino şirkətinin texniki dəstəyi ilə “Salnamə” kinostudiyasında çəkilən reklam çarxının rejissoru Mariya İbrahimova və Asif Rüstəmovdur. Reklam çarxı bir neçə telekanalda nümayiş olunub.
   Reklam çarxında dörd turistin gözü ilə Azərbaycanın təbiəti, incəsənəti, dini tolerantlığı nümayiş olunur. Bakı, müasir tikililər, otellərdən sonra bölgələrə keçid palçıq vulkanı və meşəyə səyahətlə göstərilir. Çarxda musiqidən (bəstəkar Azad Vəliyev) peşəkarcasına istifadə edilib. Hər məkana uyğun musiqi müşayiəti süjetin təsir gücünü daha da artırır.
   2009-2010-cu ildə illərdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında "Maxmedia" reklam agentliyi tərəfindən iki reklam çarxı çəkilib. Əsas süjet xəttini milli xalçalarımız təşkil edən bu reklam çarxlarının devizi “A Land of Magic Colors” (“Ecazkar Rənglər Diyarı”) kimi səslənir. Xarici televiziya kanallarında nümayiş olunan reklam çarxının rejissoru ukraynalı Sergey Solodkiydir.
   Çəkilən əksər reklam çarxları dövlət sifarişidir. Turizmlə bağlı reklam çarxlarının özəl turizm şirkətləri tərəfindən sifariş olunmasının vacibliyindən “Ritm Production” kino şirkətinin direktoru Xəqani Həşimov danışdı: “Turizmlə bağlı istənilən reklam çarxının çəkilməsində aidiyyəti qurumlar və özəl turizm şirkətləri maraqlı olmalıdır. Maliyyələşmə onlar tərəfindən həyata keçirilməlidir. O halda müstəqil prodakşn və ya kino şirkəti turizmlə bağlı reklam çarxı çəkə bilər. Azərbaycanın maraqlı təbiəti var. Qış turizmi və ya bahar fəsli ilə bağlı kifayət qədər maraqlı layihə həyata keçirmək mümkündür. Özəl turizm şirkətləri bu formatda layihələrin həyata keçirilməsində maraqlı olmalıdırlar. Onu da deyim ki, bizdə turizmin inkişafı ilə bağlı reklam çarxlarından daha çox buklet nəşrinə üstünlük verilir. Əlbəttə, bu daha asan və az xərclə başa gəlir. Amma reklam çarxlarının öz estetikası, əvəzolunmaz üstünlükləri var”.
   Turizmin inkişafı turistlərin sayının çox olmasından da asılıdır. Nə qədər çox turist axını olsa, ölkə daha çox tanınar, daha çox gəlir əldə etmiş olarıq. Buna görə də çəkiləcək reklam və ya tanıtım çarxlarının çeşidli və peşəkar səviyyədə olması turizm işinə öz töhfəsini verə bilər.
   
   Reyhan İsayeva