Azərbaycanın mənsub olduğu zəngin mədəniyyəti, tarixi, adət-ənənələri, turizm potensialı və digər sahələri əks etdirən bələdçi kitabların müxtəlif xarici dillərdə hazırlanaraq çap olunması ölkəmizin beynəlxalq aləmdə təbliğ olunması istiqamətində atılan mühüm addımlardan biridir.
   
   Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi “Azərbaycanı kəşf edək. Bələdçi Kitablar” layihəsi çərçivəsində Avropanın bir sıra aparıcı nəşriyyat müəssisələri ilə əməkdaşlıq müqavilələri bağlayıb.
   Azərbaycan haqqında bələdçi kitabların hazırlanması ilə əlaqədar “Time Out” nəşriyyatı ilə bağlanmış müqaviləyə əsasən “The Time Out Guide to Baku & the Best of Azerbaijan” kataloqlarının hazırlanması nəzərdə tutulub.
   Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Birləşmiş Krallığın “Time Out Guides” nəşriyyatı arasında bağlanılmış müqaviləyə əsasən “Time Out” bələdçiləri kolleksiyası çərçivəsində Bakı şəhəri və Azərbaycan haqqında turist bələdçi kataloqunun hazırlanması üçün “Time Out Guides” nəşriyyatının əməkdaşlarının may-iyun aylarında Azərbaycana səfər edəcəyi planlaşdırılır.
   
   Bakı haqqında bələdçi-kataloqların elektron variantı
   
   Mədəniyyət və Turizm Nazirliyinin “Azərbaycanı kəşf edək. Bələdçi kitablar” layihəsi çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “Filmer Limited” şirkəti tərəfindən hazırlanmış Bakı şəhəri haqqında “Hedonist’s Guide to Baku” adlı bələdçi kataloqların İPhone telefonları, İPad planşetləri üçün nəzərdə tutulan və İTunes-dan yüklənə bilən elektron variantı hazırlanıb. Eyni zamanda İTunes üçün elektron variantın hazırlanması barədə məlumat “Hedonist’s Guide” ın Facebook, Twitter və Foursquare sosial şəbəkə səhifələrində yerləşdirilib.