“AİTF-2011” sərgisinin iştirakçılarından biri də Ukraynanın Lvov vilayətində fəaliyyət göstərən «Karpatı» sanatoriyası müalicəvi istirahət mərkəzi idi. Karpat dağlarının ətəyində yerləşən sanatoriya-kurort müəssisəsi mineral suların mənbəyində tikilib. İstirahət mərkəzində həm dincəlmək, həm də müalicə götürmək üçün lüks şərait mövcuddur. Burada müxtəlif xəstəliklərin müalicəsi mümkündür. 
   
   Sanatoriyanın marketinq şöbəsinin müdiri Oleq Reqa bildirdi ki, turizm müəssisəsi olaraq dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq turizm sərgilərində iştirak edirlər: «Amma Bakı sərgisi bizim üçün xüsusilə əhəmiyyətlidir. Çünki Azərbaycan Ukrayna üçün maraqlı və əhəmiyyətli bazardır. Bu sərgidə iştirak etməkdə əsas məqsədimiz azərbaycanlıları Ukraynanın səfalı yerlərinə cəlb etməkdir».
   Həmsöhbətim bildirdi ki, «Karpatı» sanatoriyası müalicəvi istirahət mərkəzində insanın bir çox xəstəliklərinin təbii yollarla müalicəsi mümkündür: «Bizim sanatoriyada xroniki hepatiti, mədənin müxtəlif xəstəliklərini, öd kisəsinin daşlaşmasını, prostat vəzinin problemlərini, yüngül və orta səviyyəli şəkərli diabeti müalicə etmək mümkündür. Eyni zamanda xəstələrin əməliyyatdan sonra böyrəklərinin funksiyasını bərpa etməsi üçün reabilitasiya prosesi keçməsi üçün ideal şəraitimiz var. Bundan başqa, bizdə müayinə və müalicə kompleks şəkildə həyata keçirilir. Müəssisəmizdə müxtəlif xəstəliklər üzrə yüksək ixtisaslı həkim heyəti fəaliyyət göstərir».
   Oleq Reqa Azərbaycanın bir çox sanatoriyaları ilə yaxından əməkdaşlıq etdiklərini də bildirdi: «Bəzən olur ki, xəstə bizim müalicə etdiyimiz tərəfdən sağalır, amma digər bir xəstəlikdən əziyyət çəkir. Bu zaman ona Azərbaycandakı müalicə mərkəzlərini məsləhət görürük. Azərbaycanda da təbii üsullarla müalicə imkanları böyükdür. Ölkənizdə yerləşən müalicə müəssisələri ilə yaxından əməkdaşlıq etmək baxımından da biz bu sərgidə iştirak etməyi lazım bilirik».
   Müsahibim onu da bildirdi ki, sanatoriyalarının əhəmiyyətli hissəsi Azərbaycandan olan qonaqlar tərəfindən tutulur. Bu göstərici isə bazarın genişləndirilməsinin məqsədəuyğun olmasında öz əksini tapıb: “Biz gərək köhnə tərəfdaşlarımızla daha yaxından tanış olaq və yeni tərəfdaşlarla əlaqələr quraq. Məqsədimiz əlaqələrimizi sahmana salmaq və daha da genişləndirməkdir. Ümid edirik ki, Bakıda keçirilən turizm sərgisi sayəsində bütün bunları həyata keçirmək mümkün olacaq”.
   
   Fəxriyyə