Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada birinci yeri tutur. Statistikaya görə, hazırda planetimizdə olan 800 palçıq vulkanından 300-dən çoxu Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. 
   
   Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılıb və onlardan bəziləri təbiət abidəsi kimi formalaşıb. Bu baxımdan Azərbaycanı “palçıq vulkanları diyarı” adlandırmaq olar. Bu vulkanlar ölkəmizin təbii sərvəti olmaqla yanaşı, həm də xaricdən turistlərin cəlb olunması, ekoturizmin inkişafı üçün mühüm zəmin yaradır.
   Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev palçıq vulkanlarından turizm məqsədi ilə istifadə edilməsi üçün “Bələdçi” sorğu kitabı hazırlayıb. Kitabda 25 vulkan barəsində məlumat verilib. Mütəxəssis həmin ərazilərə turist marşrutlarının açılmasını təklif edir. Onun fikrincə, Xəzər-Zirə və Qarasu vulkan adalarından da turizm məqsədi ilə istifadə olunması məqsədəuyğundur: “Ölkəmizdə turizmin inkişafının dövlət siyasətinin prioritet məqsədlərindən biri elan edildiyi indiki mərhələdə Azərbaycandakı palçıq vulkanlarını turistlər üçün cəlbedici yerlərə çevirmək olar. Məsələn, turistlər üçün ən çox maraq kəsb edən fəal vulkanlar qrupu Bakı-Ələt avtomobil yolunda - Qobustan qəsəbəsindən cənubda, Daşgil ərazisində yerləşir. Qobustana gedən hər bir turist həmin palçıq vulkanını görmək arzusunda olur. Deməli, palçıq vulkanlarının reklamına ehtiyac var”.
   Mütəxəssisin sözlərinə görə, palçıq vulkanlarını əsasən iki qrupa bölmək olar: fəaliyyət göstərən və sönmüş vulkanlar. Ölkəmizdə qeydə alınmış 300-dək palçıq vulkanının 70 faizi fəaliyyətdədir: «Təbiətdə hündür və alçaq, sualtı və yeraltı vulkanlar mövcuddur. Bunların hər biri özünəməxsus xassələrə və kimyəvi tərkibə malikdir. Palçıq vulkanları kimya və tikinti sənayesi, həmçinin farmakologiya üçün xammal mənbəyi rolunu oynayır. Vulkanların gili, palçığı əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur”.
   
   Təbiətin yeddi möcüzəsindən biri
   
   Dünya təcrübəsində palçıq vulkanları yerləşən və əsrarəngiz mənzərəyə malik yerlərə turistləri cəlb etmək üçün turlar təşkil olunur, bu yerlərdə müalicə müəssisələri, kurortlar inşa edilir. Dünyada “Palçıq vulkanlarının diyarı” kimi tanınan Azərbaycanda da təbiətin xalqımıza bəxş etdiyi bu imkandan yetərincə yararlanmaq üçün lazımi işlər görülür. Belə ki, 2010-cu ildən başlayaraq internet vasitəsilə “Təbiətin 7 möcüzəsi” mövzusunda beynəlxalq müsabiqə keçirilir. Müsabiqəyə Azərbaycanın palçıq vulkanları da təqdim olunub. İnternet səsverməsinə 2011-ci ilin payızında yekun vurulması nəzərdə tutulur. Onu da bildirək ki, Azərbaycan hazırda bu yarışmada liderlər sırasındadır. Mütəxəssis deyir ki, Azərbaycanın palçıq vulkanları dünyanın 7 təbiət möcüzəsindən biri kimi tanınsa, gələcəkdə ekoturizmin inkişafı baxımından böyük nailiyyət əldə edə bilərik.
   Bir faktı qeyd edək ki, 2007-ci ildə dünyada mövcud olan abidələrin internetdə müsabiqəsi keçirilmişdi. Türkiyədəki Ayasofya abidəsi bu müsabiqəyə daxil edilmişdi. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin verdiyi məlumata görə, bu müsabiqənin nəticəsi olaraq 2007-ci ildə İstanbulu ziyarət edən turistlərin 3 milyonu məhz bu abidəni görməyə gəlmişdi. Şübhəsiz, analoji addım ölkəmizdə də atılsa, xarici turistlər də palçıq vulkanlarımız haqqında internetdən məlumat əldə edib Azərbaycana gəlmək, onları görmək istəyəcəklər.
   
   Palçıq vulkanlarının yaxınlığında müalicə obyektlərinin yaradılması vacibdir
   
   Alimlərin qənaətinə əsasən, palçıq vulkanlarının ekoturizmdən əlavə, müalicəvi turizmin təşkilində də xüsusi əhəmiyyəti ola bilər. Bu baxımdan palçıq vulkanlarının yaxınlığında müalicə obyektlərinin yaradılması vacibdir.
   Azərbaycan Turizm İnstitutunun turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalovun dediyinə görə, dünya təcrübəsində mədə-bağırsaq, pereferik və mərkəzi əsəb sistemi, uroloji, oynaq, radikulit, dəri və s. xəstəliklərin müalicəsində vulkan palçığından geniş istifadə olunur. Mütəxəssisin fikrincə, əlaqədar orqanların, Səhiyyə və Mədəniyyət və Turizm nazirliklərinin bu istiqamətdə işbirliyi nəticəsində ölkəyə turist axınına nail oluna bilər.
   Qeyd edək ki, Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin aradan qaldırılması və mühafizəsinin təşkili, onların fəaliyyətinin öyrənilməsinin böyük elmi və praktiki əhəmiyyətini nəzərə alaraq ölkə prezidenti İlham Əliyev “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama uyğun olaraq artıq 50 palçıq vulkanına Dövlət Təbiət Qoruğu statusu verilib.
   Dövlət başçısının sərəncamında, həmçinin palçıq vulkanlarından ekoturizm obyekti kimi istifadə olunması da önə çəkilib.

  Fəxriyyə Abdullayeva