Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

234 il əvvəl...

26 yanvar 1788-ci ildə Avstraliya Böyük Britaniya imperiyasının nəzarətinə keçib. İngilis Artur Filippin başçılığı ilə ilk kolonistlər dəstəsi “yaşıl materikə” gəlib. Britaniyanın daxili işlər naziri Lord Sidneyin adı ilə yeni şəhərin əsası qoyulub. Avstraliya bu gün də formal olaraq Britaniya Krallığına tabedir və Britaniya Birliyinin üzvüdür. 26 yanvar Avstraliyada milli bayram – “Avstraliya günü” kimi qeyd edilir.

 

194 il əvvəl...

28 yanvar 1828-ci ildə Çar Rusiyasının qoşunları İranla müharibə (1826-1828) gedişində Cənubi Azərbaycanın Urmiya şəhərini işğal ediblər. Bunun ardınca general İvan Paskeviçin başçılıq etdiyi qoşun Ərdəbili də ələ keçirib. Fevralın 10-da İran Rusiya ilə təslimçi sülh (Türkmənçay müqaviləsi) imzalamağa məcbur olub.

 

118 il əvvəl...

27 yanvar 1904-cü ildə Rusiya-Yaponiya müharibəsi başlanıb. İki il sürən müharibədə Rusiya məğlub olub və Uzaq Şərqdəki strateji Port-Artur limanını itirib.

 

102 il əvvəl...

28 yanvar 1920-ci ildə Türkiyə Böyük Millət Məclisi (TBMM) Osmanlı dövləti tərəfindən imzalanmış bütün təslimçi sazişlərin, o cümlədən Türkiyə torpaqlarının parçalanmasını ön görən 1919-cu ilin Sevr müqaviləsinin qüvvədən düşdüyünü bəyan edib. TBMM-də qəbul olunmuş bəyannamədə Türkiyənin ərazi bütövlüyünün toxunulmazlığı təsbit edilib.

 

88 il əvvəl...

26 yanvar 1934-cü ildə SSRİ tarixində kütləvi repressiyaya start verilib. Kommunist Partiyasının XVII qurultayında (“qaliblərin qurultayı”) Stalin tərəfindən antisovet qüvvələrə qarşı total repressiyanın konsepsiyası bəyan edilib. Onun ilk qurbanları elə qurultay iştirakçıları oldular. 1934-cü ilin sonunda partiya liderlərindən Sergey Kirov aradan götürüldü. Sonrakı illərdə ümumilikdə XVII qurultayın 1966 iştirakçısından 1108-i güllələnmişdi.

 

72 il əvvəl...

26 yanvar 1950-ci ildə Britaniyanın müstəmləkəsi Hindistan müstəqilliyini elan edib. Hindistan iki əsrə yaxın ingilis müstəmləkəsi olub. Müstəqillikdən 15 il sonra hind dili ölkədə rəsmi dövlət dili elan olundu. Bununla belə, Hindistanda ingilis dili də ikinci dövlət dili statusundadır.

 

63 il əvvəl...

27 yanvar 1959-cu ildə Sov.İKP-nin 21-ci (növbədənkənar) qurultayı keçirilib. N.Xruşşov SSRİ-də sosializmin qələbə çaldığını və kommunizmə doğru yolun başlandığını bəyan edib. Xruşşovun vədinə görə, 1980-ci illərdə SSRİ-də kommunizm bərqərar olmalı idi.

 

36 il əvvəl...

28 yanvar 1986-cı ildə Birləşmiş Ştatlar kosmik tədqiqatlar sahəsində böyük faciə ilə üzləşib. “Çelencer” kosmik gəmisi (çoxdəfəli istifadə olunan) startdan sonra 73-cü saniyədə partlayıb. Gəmidəki 7 kosmonavtın ölümü Amerika üçün şok oldu. 2003-cü il fevralın 1-də Amerika ikinci belə şok yaşadı: “Columbia” şattlının partlaması nəticəsində yenə 7 kosmonavt həlak oldu.

 

35 il əvvəl...

27 yanvar 1987-ci ildə Moskvada Sov.İKP MK-nın plenumu yenidənqurma siyasəti haqqında qərar qəbul edib. Mixail Qorbaçovun yenidənqurması 4 ildən sonra SSRİ-nin süqutu ilə yekunlaşdı.

 

30 il əvvəl...

28 yanvar 1992-ci ildə Qarabağ müharibəsi gedişində erməni silahlı qüvvələri Azərbaycanın dinc əhalisinə qarşı növbəti terror aktını həyata keçiriblər. Ağdam-Şuşa marşrutu ilə uçan “Mİ-8” sərnişin vertolyotu Xankəndidən atılmış raketlə vurulub. Vertolyotdakı 44 nəfərin hamısı həlak olub. Bu, dünya aviasiya tarixində mülki vertolyotda ən böyük itki sayılır.

Hazırladı: V.Orxan