Azərbaycan

 

2 fevral 1882 – İrəvan şəhər gimnaziyasının müəllimi, maarifpərvər Məşədi İsmayılın şagirdləri ilə birgə hazırladığı V.Mədətovun “Tamahkarlıq düşmən qazanır” pyesinin tamaşası göstərilib. Bununla İrəvanda peşəkar Azərbaycan teatrının əsası qoyulub.

2 fevral 1912 – Xalq artisti, rejissor, Dövlət mükafatı laureatı Məhərrəm Kazım oğlu Haşımov (1912 – 2.5.1969) Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrında, Rus Dram Teatrında baş rejissor işləyib. “Azərbaycanfilm” Kinostudiyasının direktoru (1960-1965) olub.

2 fevral 1932 – Dilçi alim, akademik Ağamusa Ağası oğlu Axundov (1932 – 5.9.2015) Kürdəmirdə doğulub. AMEA-nın Humanitar və ictimai elmlər bölməsinin akademik katibi olub.

2 fevral 1936 – Əməkdar incəsənət xadimi, bəstəkar Rəşid Rza oğlu Məmmədov (1936-2006) Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında bir çox tamaşalara musiqi yazıb.

2 fevral 1942 – Əməkdar mədəniyyət işçisi, aşıq Yanvar Piralı oğlu Bədəlov (1942 – 27.12.2018) İsmayıllı rayonunun Tircan kəndində doğulub.

2 fevral 1955 – Əməkdar artist Muxtar Şahmar oğlu İbadov (1955 – 23.9.2013) Balakən rayonunda doğulub. Şəki Dram, Dövlət Gənclər teatrlarının aktyoru olub, filmlərə çəkilib.

2 fevral 1983 – Xalq yazıçısı Əli Qara oğlu Vəliyev (27.2.1901 – 1983) vəfat edib. “Nənəmin cəhrəsi”, “Qarlı dağlar”, “Ürək dostları”, “Anaqız”, “Ötən günlər” və s. kitabların müəllifidir.

 

3 fevral 1891 – İctimai xadim, jurnalist, tərcüməçi Ceyhun bəy Əbdülhüseyn oğlu Hacıbəyli (1891 – 22.10.1962) anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin kiçik qardaşıdır. Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” qəzetinin redaktoru olub. Sonra mühacirətə gedib, Fransada yaşayıb və orada vəfat edib. Məzarı Parisdədir.

3 fevral 1951 – Əməkdar artist Həsənağa Hüseynəli oğlu Hüseynov (1951-2002) Bakıda doğulub. Azərbaycan Dövlət Kukla Teatrının aktyoru olub, teatrda truppa müdiri işləyib.

3 fevral 1959 – Əməkdar artist Mərdan Əhmədiyyə oğlu Feyzullayev (1959 – 13.8.2017) Şəki rayonunun Kiş kəndində doğulub. Şəki Dram Teatrının baş rejissoru olub. 1994-cü ildən Moskvada yaşayıb, özünün yaratdığı “Dərviş” teatrında Azərbaycan müəlliflərinin əsərlərini tamaşaya qoyub.

3 fevral 1990 – Görkəmli aktyor Hamlet Xanızadə (5.6.1941 – 1990) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, kinoda, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

 

4 fevral 1945 – Əməkdar rəssam Fərman Səməd oğlu Qulamov (1945 – 23.12.2016) Astara rayonunda doğulub. Əsərləri Moskvada Dövlət Tretyakov Qalereyasında, Şərq Xalqları İncəsənət Muzeyində saxlanılır. Dövlət Rəssamlıq Akademiyasının müəllimi olub.

4 fevral 1982 – Xalq artisti, teatr rejissoru, aktyor İbrahim (Miribrahim) Tağı oğlu Həmzəyev (25.12.1908 – 1982) vəfat edib. 1937-ci ildən Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb, teatrın direktoru, baş rejissoru olub.

4 fevral 2003 – Aktrisa Töhfə İbrahim qızı Əzimova (6.2.1938 – 2003) vəfat edib. “Qızmar günəş altında”, “Əhməd haradadır?” filmlərində çəkilib. Bakıda 1 saylı Uşaq incəsənət məktəbində fortepiano müəllimi işləyib.

 

Dünya

 

2 fevral 1595 – Niderland rəssamı, klassisizmin tanınmış nümayəndəsi Yakob van Kampen (Jacob van Campen; 1595-1657) anadan olub.

2 fevral 1873 – Avstriya bəstəkarı Leo Fall (1873-1925) anadan olub. “Madam Pompadur”, “Dollar şahzadəsi” və s. operettaların müəllifidir.

2 fevral 1882 – İrland yazıçısı və şairi, modernizmin nümayəndəsi Ceyms Coys (James Augustine Aloysius Joyce; 1882-1941) anadan olub.

 

3 fevral 1809 – Alman bəstəkarı, dirijor Feliks Mendelson (Jakob Ludwig Felix Mendelssohn Bartholdy; 1809 – 4.11.1847) anadan olub. “Toy” marşının müəllifidir.

3 fevral 1881 – Rus kinematoqrafının banilərindən biri, rejissor Yakov Akeksandroviç Protazonov (1881-1945) anadan olub.

 

4 fevral 1873 – Rus yazıçısı Mixail Mixayloviç Prişvin (1873-1954) anadan olub.

4 fevral 1915 – İngilis aktyoru, “mister Pitkin” haqqında kinokomediyalarda baş rolun ifaçısı Norman Uizdom (Norman Joseph Wisdom; 1915-2010) anadan olub.

Hazırladı: Vüqar Orxan