Zamanın səhifələrində qalan olaylar, faktlar...
192 il əvvəl...
3 fevral 1830-cu ildə Rusiya, Britaniya və Fransanın iştirakı ilə “London protokolu” imzalanıb. Beynəlxalq razılaşmaya əsasən, Osmanlı İmperatorluğunun tərkibində olan Yunanıstana konstitusiyalı monarxiya yaratmaq imkanı tanınıb.
174 il əvvəl...
2 fevral 1848-ci ildə ABŞ-la Meksika arasındakı müharibə (1846-1848) birincinin qələbəsi ilə yekunlaşıb. Sülh sazişinə əsasən, Texas, Nyu-Meksika və Yuxarı Kaliforniya üç yeni ştat olaraq ABŞ-a birləşdirilib.
161 il əvvəl...
4 fevral 1861-ci ildə ABŞ-ın 7 cənub ştatının rəhbərləri Alabamada bir araya gələrək Şimaldan ayrıldıqlarını və Amerika Federativ Ştatları adlı dövlətin qurulduğunu elan ediblər. Bir qədər sonra Şimal-Cənub müharibəsi başlandı. Dörd il sürən müharibə şimal ştatlarının qələbəsi ilə yekunlaşdı.
98 il əvvəl...
3 fevral (bəzi mənbələrdə 8 fevral) 1924-cü ildə Bakıda ilk tramvay nəqliyyatı işə salınıb. Azərbaycanda polad relslər üzərində ilk nəqliyyat 1883-cü ildə işə salınan Bakı-Tiflis dəmiryolu olmuşdu. 1899-cu ildə Bakıda ilk konka işləməyə başlamışdı. 1923-cü ildə elektrik tramvay xəttinin çəkilişi başlanır və 1924-cü il fevralın əvvəlində istismara verilir. 2002-ci ildə Bakıda tramvay nəqliyyatı ləğv olundu.
77 il əvvəl...
4 fevral 1945-ci ildə Krım (Yalta) konfransı işə başlayıb. İosif Stalin (SSRİ), Franklin Ruzvelt (ABŞ) və Uinston Çörçill (Britaniya) II Dünya müharibəsinin gələcək yekunlarını müzakirə ediblər. Stalin Almaniyanın kapitulyasiyasından sonra ölkənin 4 zonaya (4-cü Fransanın zonası oldu) bölünməsinə, SSRİ-nin Yaponiyaya qarşı müharibəyə başlamasına və Koreyanın 38-ci paralel üzrə bölünməsinə razılıq verib. Razılaşmaya əsasən, Şimali Koreya SSRİ-nin, Cənubi Koreya isə ABŞ-ın nəzarətinə keçməli idi.
74 il əvvəl...
4 fevral 1948-ci ildə Britaniyanın müstəmləkəsi olan Seylon adası müstəqilliyini elan edib. 1972-ci ildən Şri-Lanka Respublikası adlanır.
68 il əvvəl...
4 fevral 1954-cü ildə Azərbaycanda ən iri su elektrik stansiyası – Kür çayı üzərində Mingəçevir SES istifadəyə verilib. İnşası 1945-ci ildə başlanan Mingəçevir SES Cənubi Qafqazda ən iri su elektrik stansiyasıdır. Stansiyanın işə salınması ilə respublikanın yeni sənaye mərkəzinin – energetiklər şəhəri Mingəçevirin təməli qoyulub.
64 il əvvəl...
3 fevral 1958-ci ildə Haaqa (Niderland Krallığı) şəhərində bir araya gələn Belçika, Niderland və Lüksemburq gələcək Avropa Birliyinin özəyi olan “Benilüks” iqtisadi ittifaqının əsasını qoyublar. Müqavilə 50 il müddətinə bağlanmışdı.
37 il əvvəl...
4 fevral 1985-ci ildə BMT-nin işgəncələrin qadağan olunması haqqında konvensiyası qüvvəyə minib. 4 fevral dünyada “İşgəncələr əleyhinə gün” kimi qeyd olunur.
33 il əvvəl...
2 fevral 1989-cu ildə SSRİ hərbi kontingenti Əfqanıstandan çıxarılıb. Doqquzillik müharibə SSRİ-yə ağır itki və beynəlxalq biabırçılıqdan savayı heç nə vermədi. Rəsmi statistikaya görə, Əfqanıstan müharibəsində 20 min sovet hərbçisi həlak olmuşdu.
26 il əvvəl...
2 fevral 1996-cı ildə Azərbaycan gənclərinin ilk ümumrespublika forumu keçirilib. Forumda Prezident Heydər Əliyev iştirak edib. Prezident Heydər Əliyevin imzaladığı fərmanla 1997-ci ildən etibarən 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir.
18 il əvvəl...
3 fevral 2004-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə “Gülüstan” sarayında Bakı-Tbilisi-Ceyhan layihəsinin maliyyəsi üzrə son sənədlərin imzalanma mərasimi keçirilib. Azərbaycan, Gürcüstan və Türkiyə hökumətlərinin, BTC-nin kreditorlar qrupunun nümayəndələri tərəfindən imzalanan paket 78 müxtəlif tərəfin 17 mindən artıq imzası olan 208 maliyyə sənədindən ibarət idi.
Hazırladı: V.Orxan