Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

216 il əvvəl...

8 fevral 1806-cı ildə çar Rusiyasının Qafqazdakı işğalçı qoşunlarının komandanı, Azərbaycan torpaqlarının istilasında xüsusi amansızlıq göstərmiş general Pavel Sisianov Bakının Qala qapısı yanında qətlə yetirilib. Sisianov şəhərin təslim edilməsi barədə Bakı xanı Hüseynqulu xanla danışıqlar apararkən xanın qardaşı oğlu Aslan bəy tərəfindən öldürülmüşdü. Bundan sonra rus qoşunlarının hücumları xüsusilə amansız oldu. 1806-cı ilin oktyabrında Bakı işğal edildi.

 

194 il əvvəl...

8 fevral 1828-ci ildə İranla növbəti müharibə (1826-1829) gedişində Cənubi Azərbaycan torpaqlarını istila edən Rusiya qoşunları Ərdəbil şəhərini ələ keçiriblər. İşğal nəticəsində şəhərin tarixi-mədəni irsi yağmalanmış, o cümlədən Şeyx Səfi məqbərəsindən qədim əlyazmalar Sankt-Peterburqa aparılmışdı.

 

182 il əvvəl...

6 fevral 1840-cı ildə Yeni Zelandiya Böyük Britaniya imperiyasının nəzarəti altına keçib. Adanın yerli qəbilələrinin başçıları ilə Britaniya hökuməti arasında bağlanan müvafiq sazişdə bunun könüllülük əsasında baş verdiyi qeyd olunurdu.

 

167 il əvvəl...

7 fevral 1855-ci ildə Rusiya ilə Yaponiya arasında Uzaq Şərqlə bağlı mübahisələri tənzimləyən ilk müqavilə imzalanıb. Kuril adaları iki ölkə arasında bölüşdürülüb, Saxalin adası isə birgə idarəçilikdə saxlanılıb. 1904-1905-ci illərdə Yaponiya ilə müharibədə məğlubiyyətdən sonra Rusiya hər iki ərazini itirdi. II Dünya müharibəsində Yaponiyanın məğlub olmasından sonra Kuril adaları və Saxalin yenidən Rusiyanın (o vaxt SSRİ-nin) tərkibinə keçdi.

 

117 il əvvəl...

6 fevral 1905-ci ildə Bakıda erməni daşnak qüvvələrinin müsəlman (türk) əhaliyə qarşı kütləvi qırğınları başlayıb. Çar Rusiyası hakim dairələrinin ölkədəki inqilab dalğasından diqqəti yayındırmaq üçün təhrik etdikləri toqquşmalar fevralın 9-dək sürdü.

 

65 il əvvəl...

6 fevral 1957-ci ildə Britaniyanın Qərbi Afrikadakı keçmiş müstəmləkəsi olan Qızıl Sahil dövləti Qana Respublikası adı altında müstəqilliyini elan edib.

 

60 il əvvəl...

5 fevral 1962-ci ildə Fransa keçmiş müstəmləkəsi Əlcəzairin müstəqilliyini tanıyıb. Bu, Əlcəzair xalqının müstəqillik uğrunda 6 il müharibəsindən sonra mümkün olmuşdu. Prezident Şarl de Qollun qərarı Fransanın əksər qüvvələrində ciddi etiraz doğurub.

 

32 il əvvəl...

5 fevral 1990-cı ildə Sov.İKP MK-nın Plenumu ölkədə təkpartiyalılıq sisteminə son qoyulması barədə tarixi qərar qəbul edib. SSRİ Konstitusiyasının 6-cı maddəsi (Kommunist Partiyasının rəhbər rolu barədə) ləğv olunub.

 

31 il əvvəl...

5 fevral 1991-ci ildə 12-ci çağırış Ali Sovetin ilk iclasında Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul olunub.  Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edilib. Bundan öncə, 1990-cı ilin 17 noyabrında üçrəngli bayraq Naxçıvan Ali Məclisində qəbul olunmuşdu.

 

30 il əvvəl...

7 fevral 1992-ci ildə Niderlandın Maastrixt şəhərində Avropa İqtisadi Birliyi ölkələrinin XİN başçılarının görüşündə “Avropa Birliyi haqqında” müqavilə imzalanıb. “Maastrixt müqaviləsi” ilə iqtisadi əməkdaşlıq siyasi mahiyyət də qazanıb. Avropa Birliyi indiki şəklini alıb.

 

17 il əvvəl...

7 fevral 2005-ci ildə Prezident İlham Əliyev Azərbaycan milli valyutasının – manatın denominasiyası haqqında fərman imzalayıb. Fərmana əsasən, 2006-cı il yanvarın 1-dən dövriyyə yeni əskinaslar (1 yeni manat (AZN) – 5000 köhnə manat nisbətində) buraxıldı. 1992-ci ildən dövriyyədə olan köhnə manatlar 2006-cı il dekabrın 31-də tədavüldən çıxarıldı.

Hazırladı: V.Orxan