Azərbaycan
16 fevral 1913 (yeni təqvimlə 1 mart) – Xalq yazıçısı, ssenarist və dramaturq Ənvər Qafar oğlu Məmmədxanlı (1913 – 19.12.1990) Göyçayda anadan olub. “Şərqin səhəri”, “Od içində”, “Şirvan gözəli” pyeslərinin, nəsr əsərlərinin müəllifidir. “Fətəli xan”, “Leyli və Məcnun”, “Babək” filmlərinin ssenarisini yazıb.
16 fevral 1916 – Tanınmış sənətşünas, akademik Əbdülvahab Rəhim oğlu Salamzadə (1916 – 19.8.1983) Şamaxıda doğulub. Azərbaycan memarlıq tarixinə dair tədqiqat əsərlərinin, “Abidələr danışır”, “Azərbaycan memarlıq abidələri” və s. kitabların müəllifidir.
16 fevral 1918 – Qəzəlxan şair, tərcüməçi Qəni Hüseynqulu oğlu Hüseynov (Həkim Qəni; 1918 – 10.6.2008) anadan olub. Məhəmməd Füzulinin qəzəllərinin rus dilinə ilk tərcüməçilərindəndir.
16 fevral 1925 – Görkəmli memar Zivər bəy Əhmədbəyov (1873-1925) vəfat edib. Təzəpir məscidinin layihə müəllifidir. Cümhuriyyət dövründə Bakının baş memarı olub.
16 fevral 1945 – Opera müğənnisi, aktyor, rejissor, pedaqoq, Xalq artisti Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev; 20.3.1879 – 1945) vəfat edib. “Leyli və Məcnun” operasında Məcnun rolunun ilk və 30 ilə yaxın əvəzsiz ifaçısı olub.
17 fevral 1895 – Qəzəlxan şair, Əməkdar incəsənət xadimi Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov; 1895 – 1.10.1965) Bakının Masazır kəndində doğulub. Nizami, Xaqani, Füzuli, Nəvai və b. şairlərin qəzəllərini Azərbaycan dilinə tərcümə edib.
17 fevral 1919 – Ədəbiyyatşünas, mətnşünas, klassik poeziyanın bilicisi Əli Fəhmi (1919 – 13.3.1975) Bakının Sabunçu qəsəbəsində anadan olub.
17 fevral 1920 – Dilçi-filoloq, professor, Əməkdar elm xadimi Əlövsət Zakir oğlu Abdullayev (1920-1993) anadan olub.
17 fevral 1926 – Xalq artisti Sofya Həsən qızı Hüseynova (1926 – 30.7.2015) Naxçıvanda doğulub. Naxçıvan teatrının ilk azərbaycanlı aktrisası Xədicə Qazıyevanın qızıdır, uzun illər bu sənət ocağında çalışıb.
17 fevral 1945 – Əməkdar artist Vəli Allahverdi oğlu Babayev (1945-1989) Naxçıvanda anadan olub. Naxçıvan Musiqili Dram Teatrının baş rejissoru işləyib.
17 fevral 1958 – Tanınmış aktyor Xeyri Osman oğlu Əmirzadə (1893-1958) vəfat edib. Krım türküdür. 1930-cu illərdən Azərbaycanda fəaliyyət göstərib. “Kəndlilər”, “Səbuhi”, “Bəxtiyar” və s. filmlərdə çəkilib.
18 fevral 1201 – Böyük riyaziyyatçı, astronom və filosof Nəsirəddin Məhəmməd ibn Həsən Tusi (1201 – 23.6.1274) Həmədan şəhərində anadan olub. Tusinin yaratdığı Marağa rəsədxanası uzun illər Şərqin mötəbər elm mərkəzlərindən olub. “Əxlaqi-nasiri” etik traktatı, fəlsəfəyə dair əsərlərin müəllifidir.
18 fevral 1924 – Əməkdar artist Osman İsmayıl oğlu Hacıbəyov (1924-1979) Şuşa şəhərində doğulub. Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olub.
18 fevral 1925 – Publisist, tərcüməçi Hacı Əliheydər oğlu Hacıyev (1925-2008) anadan olub. Uzun illər Azərbaycan Jurnalistlər Birliyinə rəhbərlik edib.
18 fevral 1934 – Yazıçı-dramaturq, publisist Şamil Xurşud (Şamil Xurşud oğlu Fərzəliyеv; 1934-1986) Ucar rayonunda (əslən Ermənistanın Sisyan rayonunun Ağudi kəndindəndir) anadan olub. Əsərləri: “Ağaclar kəsilmədi”, “Naxırçı çörəyi”, “Yolayrıcında” və s.
18 fevral 1947 – Əməkdar rəssam Ənvər Vahid oğlu Qarayev (1947 – 29.1.2011) Şəkidə anadan olub. Dekorativ-tətbiqi sənət, xalça, batika, parça üzərində tikmə texnikasının mahir ustası idi.
Dünya
16 fevral 1845 – Amerika yazıçısı Corc Kennan (George Kennan; 1845-1924) anadan olub.
16 fevral 1926 – Britaniya kinorejissoru, “Oskar” (“Gecəyarısı kovboy”, 1970) mükafatçısı Con Şlezinger (John Richard Schlesinger; 1926-2003) anadan olub.
17 fevral 1600 – İtalyan filosofu və şairi Cordano Bruno (Giordano Bruno; 1548-1600) inkvizisiyanın (Katolik kilsəsinin məhkəməsi) qərarı ilə edam edilib.
17 fevral 1906 – Rus-sovet yazıçısı, uşaqlar üçün çoxsaylı əsərlərin, film ssenarilərinin müəllifi Aqniya Lvovna Barto (1906-1981) anadan olub.
18 fevral 1838 – Avstriya filosofu, pozitivizmin tanınmış nümayəndəsi Ernst Max (Ernst Mach; 1838-1916) anadan olub.
18 fevral 1932 – Çex əsilli Amerika kinorejissoru Miloş Forman (Milosh Forman – Jan Tomash Forman; 1932 – 13.4.2018) anadan olub. “Qu quşunun yuvası üzərində uçuş” filmi (1975) 5 nominasiyada, “Amadey” filmi (1984) 8 nominasiyada “Oskar” mükafatına layiq görülüb.
18 fevral 1934 – Rusiyanın Xalq artisti, sirk ustası Muxtarbek Kantemirov (1934-2017) anadan olub. “Azərbaycanfilm”də “Qorxma, mən səninləyəm!” filmində çəkilib.
Hazırladı: Vüqar Orxan