Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

191 il əvvəl...

5 mart 1831-ci ildə Lənkəranda Rusiya işğalı əleyhinə üsyan başlayıb. Devrildikdən sonra İrana qaçan Mirhəsən xan Lənkərana gələrək üsyana başçılıq edib. Talış (Lənkəran) xanlığı Gülüstan müqaviləsi ilə (1813) Rusiyaya birləşdirildikdən sonra 1826-cı ildə ləğv edilmişdi. Lənkəran üsyanı iki ay sürdü.

 

112 il əvvəl...

8 mart 1910-cu ildə Kopenhagendə (Danimarka) sosialist qadınların beynəlxalq konfransında Klara Setkinin təklifi ilə 8 martın qadınların həmrəyliyi günü kimi qeyd edilməsi qərara alınıb. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə, Danimarkada, iki il sonra Rusiyada qeyd olunub. 1966-cı ildə 8 mart SSRİ-də istirahət günü elan edilib. BMT tərəfindən beynəlxalq günlər sırasına daxil edilib.

 

105 il əvvəl...

6 mart 1917-ci ildə Rusiyanın “Müvəqqəti hökumət”i Finlandiyaya muxtariyyət verib. Çar II Nikolay taxt-tacdan əl çəkəndən sonra hakimiyyəti ələ alan “Müvəqqəti hökumət” liberal siyasəti ilə tarixə düşdü. Oktyabr inqilabından sonra bolşeviklər də Finlandiyanın müstəqillik faktı ilə barışmalı oldular. Finlandiya XVIII əsrin əvvəlində Şimal müharibəsi (Rusiya-İsveç) nəticəsində qismən Rusiyanın nəzarətinə keçmişdi.

 

89 il əvvəl...

5 mart 1933-cü ildə Adolf Hitlerin Nasional-Sosialist Partiyası Almaniya parlamentinə (Bundestaq) seçkilərdə yerlərin yarısını əldə edib. Bir qədər əvvəl prezident Qindenburq Hitleri kansler təyin edərək koalision hökuməti qurmağı ona tapşırmışdı. Parlament seçkisində qələbə sayəsində Hitler kansler postunda möhkəmləndi, Qindenburq vəfat edəndən (1934) sonra özünü Almaniyanın mütləq rəhbəri –  reyxsfüreri elan etdi.

 

78 il əvvəl...

6 mart 1944-cü ildə SSRİ Xalq Komissarları Soveti “Cənubi Azərbaycan əhalisinə iqtisadi və mədəni yardımın gücləndirilməsi tədbirləri haqqında” qərar qəbul edib. Qərarda Azərbaycan dilində ordu qəzeti nəşr etmək, Cənubi Azərbaycan yazıçı-şairlərinin əsərlərinin nəşri üçün Təbrizdə mətbəə açmaq, Azərbaycan Dövlət Dram Teatrının Cənubi Azərbaycan şəhərlərinə qastrolunun təşkili kimi məsələlər əksini tapmışdı.

 

69 il əvvəl...

5 mart 1953-cü ildə Sovet İttifaqını 31 il idarə etmiş İosif Vissarionoviç Stalin Kuntsevodakı (Moskva yaxınlığında) bağ evində vəfat edib. Stalin martın 2-də beyninə qan sızması nəticəsində koma  vəziyyətinə düşmüşdü.

 

66 il əvvəl...

9 mart 1956-cı ildə Gürcüstanın paytaxtı Tbilisidə sovet dövlətinin rəhbəri Nikita Xruşşovun Stalin əleyhinə çıxışına (“Şəxsiyyətə pərəstiş” barədə məruzə) etiraz olaraq başlanan nümayişlər silah gücünə yatırılıb.

 

57 il əvvəl...

7 mart 1965-ci ildə Amerika dəniz piyadalarının desantı Cənubi Vyetnam sahillərinə çıxarılıb. ABŞ-ın Vyetnama qarşı müharibəsi başlayıb. Yeddi ilə yaxın sürən müharibədə amerikalılar istəklərinə nail ola bilmədilər və Vyetnamdan çıxmalı oldular.

 

30 il əvvəl...

6 mart 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Xocalı faciəsi ilə bağlı çağırılan fövqəladə sessiyasında Prezident Ayaz Mütəllibov istefa verməyə məcbur olub. Bir gün öncə spiker Elmira Qafarova da istefa vermişdi. Ali Sovetin sədri seçilən Yaqub Məmmədov prezident səlahiyyətlərini də icra etməyə başlayıb.

Hazırladı: V.Orxan