Mədəniyyət Nazirliyinin YARAT Müasir İncəsənət Mərkəzi ilə birgə həyata keçirdiyi “Mədəni yenilənmə” layihəsinin budəfəki qonağı Rusiya Kino və Televiziya Rəssamları Gildiyasının vitse-prezidenti, Moskva Kino Məktəbinin “Bədii quruluş” proqramının kuratoru, tanınmış kino rəssamı Əddis Hacıyevdir.
Aprelin 26-da YARAT Müasir İncəsənət Mərkəzində reallaşacaq tədbir zamanı Moskva Kino Məktəbi tələbələrinin ərsəyə gətirdikləri işlər təqdim olunacaq. Tədbir çərçivəsində Əddis Hacıyevin “İdrak” adlı qısametrajlı filmi nümayiş ediləcək. Film 2021-ci ildə Türkiyənin Aydın şəhərində keçirilən “Efeler Uluslararası Çevre Film Günleri” festivalında mükafat qazanıb.
Nümayişdən sonra həmçinin Avropa, Rusiya və Azərbaycanda kino istehsalının xüsusiyyətlərinə dair müzakirələr aparılacaq. Eyni zamanda layihə çərçivəsində təhsil sahəsi üzrə ekspert Yekaterina Çərkəzzadə ilə kreativ sənayelərin inkişafına dair panel müzakirə keçiriləcək.