Aprelin 15-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli musiqişünas alim, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Elmira Abbasovanın (1932-2009) 90 illiyinə həsr olunan tədbir keçirildi.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri açaraq musiqişünasın həyat və yaradıcılıq yolundan danışdı. Bildirdi ki, Elmira Abbasova 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını musiqişünaslıq ixtisası üzrə bitirib. Həmin ildən ömrünün sonunadək bu təhsil ocağında pedaqoji fəaliyyət göstərib. O, indiki Bakı Musiqi Akademiyasının ilk qadın rektoru olub.
Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə çıxışında E.Abbasovanın Azərbaycan musiqi mədəniyyətindəki rolundan, verdiyi töhfələrdən bəhs etdi. Diqqətə çatdırdı ki, alimin “Üzeyir Hacıbəylinin opera və musiqili komediyaları”, “Üzeyir Hacıbəylinin “Koroğlu” operası”, “Üzeyir Hacıbəyli: həyat və yaradıcılıq yolu” monoqrafiyaları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb: “O öz əsərləri ilə Azərbaycanla Avropa bəstəkarlıq məktəbi arasında əbədi bir körpü yaratdı. Məhz Üzeyir bəydən sonra Şərq və Qərb musiqisi mədəniyyətləri arasında bağlılıq öz bəhrəsini verdi. Azərbaycan bəstəkarlarının yaratdığı nəhəng musiqi abidələrinin şöhrəti elləri dolaşdı...”.
Qeyd olundu ki, E.Abbasova görkəmli bəstəkarlar Qara Qarayev, Cövdət Hacıyev, Soltan Hacıbəyov, Səid Rüstəmov, böyük müğənni Rəşid Behbudov, ustad tarzənlər Qurban Pirimov və Bəhram Mansurov kimi musiqi xadimləri haqqında da araşdırmalar aparıb, məqalələr çap etdirib.
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Bakı Musiqi Akademiyasının dosenti Xatirə Həsənzadə də alimin zəngin yaradıcılıq yolundan söz açdılar. Bildirildi ki, E.Abbasova muğamın elmi şəkildə öyrənilməsi üçün böyük səy göstərib. SSRİ Bəstəkarlar İttifaqının təşəbbüsü və V.Vinoqradovun redaktorluğu ilə hazırlanan, keçmiş ittifaqın respublika və xalqlarını əhatə edən “Xalq müğənniləri və musiqiçiləri” silsilə nəşrlərində iştirak edib. Onun Q.Pirimov və B.Mansurov haqqında broşürləri həmin layihə çərçivəsində işıq üzü görüb.
E.Abbasovanın qızı, Bakı Musiqi Akademiyasının dosenti Kaminə Məmmədova çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirdi, anası ilə bağlı xatirələrini bölüşdü.
Çıxışlar muzeyin zəngin materialları əsasında hazırlanmış videoçarxla müşahidə olunurdu.
Sonda Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova, Əməkdar artist Fərid Əliyev, Bakı Musiqi Akademiyasının dosenti Nərgiz Salmanlı, Azərbaycan Dövlət Fortepiano Triosu – Əməkdar artistlər Töhfə Babayeva, Elnarə Kəbirlinskaya, Səbinə İbrahimova, BMA-nın tələbələri Natəvan Səlimova, Ofelya Dadaşova və beynəlxalq müsabiqələr laureatı Səbinə Quliyevanın ifalarında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim edildi. Çıxışlar alqışlarla qarşılandı.
Savalan