Dövlət Film Fondunda Xalq artisti Eldar Quliyevin xatirəsi anıldı
Aprelin 16-da görkəmli kinorejissor və ssenarist, Dövlət mükafatı laureatı, Xalq artisti Eldar Quliyevin (1941-2021) vəfatından bir il ötdü. Bu münasibətlə aprelin 15-də Dövlət Film Fondunda anım tədbiri keçirildi. Tədbirdə Eldar Quliyevin həmkarları, onunla çəkiliş meydançasında çiyin-çiyinə çalışmış kino xadimləri iştirak edirdi.
Qonaqlar əvvəlcə kinorejissorun yaradıcılığı ilə bağlı fotolardan ibarət sərgi ilə tanış oldular.
Anım tədbirini Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq Azərbaycan kinosu tarixinə öz dəst-xətti ilə adı yazılan Eldar Quliyevin yaradıcılığından bəhs etdi: “Bir ildir böyük ustad Eldar Quliyev aramızda deyil. Görkəmli sənətkarın xatirəsinə bu tədbiri təşkil etməyi özümüzə borc bildik. Ötən il Dövlət Film Fondu tərəfindən kinorejissorun şəxsi arxiv fondu yaradılıb. Bu fondda onun nadir fotoşəkilləri, əlyazmaları, ssenariləri və digər materiallar yer alıb. Fonda materialları tanınmış operator və fotoqraflar Pərviz Quliyev, Yuri Varnovski, Rafiq Qəmbərov, kinoşünas Aydın Kazımzadə təhvil verib. Bu gün biz bu fotoları sərgidə nümayiş etdiririk”.
Cəmil Quliyev bildirdi ki, tamaşaçılar Eldar Quliyevin filmlərini sevir və dəfələrlə izləyiblər: “Bu gün isə onun iki qısametrajlı filmi nümayiş olunacaq. Həmin filmlərdən biri – “Gözləmə saatı” Eldar Quliyevin Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxuyarkən kurs işi olub. Filmin lenti bizə Moskvadakı şəxsi arxivdən gəlib. Təqdim edəcəyimiz ikinci ekran əsərini – “Biri vardı, biri yoxdu...” filmini rejissor 1967-ci ildə çəkib. Ekran əsəri Dövlət Film Fondunda elektron formata salınıb...”.
Xalq artistləri – rejissorlar Azər Paşa Nemətov, Vaqif Mustafayev, Oqtay Mirqasımov, Xamis Muradov, Əməkdar incəsənət xadimləri – kinooperator Rafael Qəmbərov, kinoşünas Aydın Kazımzadə, rejissor, kinoşünas Ayaz Salayev, Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov çıxış edərək sənətkarın həyat və fəaliyyəti haqqında fikirlərini, xatirələrini bölüşdülər.
Vurğulandı ki, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının yaradıcılarından olan Eldar Quliyev ilk gündən ömrünün sonuna kimi qurumun prezidenti olub. Rüfət Həsənov “Debüt” studiyasında Eldar Quliyevdən sənətin sirlərini öyrəndiyini və onun həmişə gəncləri öyrətmək istəyini xüsusi qeyd etdi. Çıxışlarda rejissorun yaradıcılığı ilə yanaşı yüksək insani keyfiyyətlərindən də söz açıldı. Eldar Quliyevin daxilən aristokrat, çox erudisiyalı, intellektual cəhətdən inkişaf etmiş, yüksək daxili mədəniyyətə malik şəxsiyyət olduğu vurğulandı.
Rejissorun qızı İradə Quliyeva tədbirin təşkilatçılarına və atasının xatirəsinə ehtiram göstərən hər kəsə dərin minnətdarlığını ifadə etdi.
Anım mərasimində Eldar Quliyevin quruluş verdiyi iki qısametrajlı ekran işi – “Gözləmə saatı” və “Biri vardı, biri yoxdu...” filmləri nümayiş olundu.
“Biri vardı, biri yoxdu...” filmi yazıçı Salam Qədirzadənin “Xəzan yarpaqları” hekayəsinin motivləri əsasında çəkilib. Filmdə iki nəfərin – qoca kişi ilə qarının nisgilli ovqatlarından, təsadüfi tanışlıqdan sonra qarşılıqlı qayğılarından bəhs olunur. “Gözləmə saatı” isə bir şəxsin tənhalığı və dünyasını dəyişən doğmalarına qarşı münasibətindən bəhs edir.
Eldar Quliyev 1969-cu ildə ilk böyük ekran əsəri olan “Bir cənub şəhərində” filmi ilə özünü rejissor kimi təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub. 1979-cu ildə “Babək” filmini çəkib ki, həmin ekran əsəri peşəkarlıq səviyyəsinə, kütləvi və döyüş səhnələrinin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli işlərdən geri qalmırdı. Rejissor həmçinin “Ən vacib müsahibə”, “Var olun, qızlar...”, “Ürək... Ürək…”, “Nizami”, “Nə gözəldir bu dünya...”, “Girov”, “İstanbul reysi”, “Dərvişin qeydləri” və s. filmlərə də quruluş verib.
L.Azəri