Azərbaycanlı rejissor mükafata layiq görülüb

 

Özbəkistanın paytaxtı Daşkənddə ilk dəfə təşkil olunan Beynəlxalq animasiya forumu başa çatıb. Foruma Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan, İsrail, Ukrayna və Rusiyanın animasiya mütəxəssisləri, rəssam-multiplikatorlar qatılıblar.

Ölkəmizi tədbirdə “Animafilm” Beynəlxalq animasiya festivalının direktoru Rəşid Ağamalıyev və tanınmış rejissor Elçin Hami Axundov təmsil edib. Rəşid Ağamalıyev həm də münsiflər heyətində yer alıb.

Forumun bağlanış mərasimində rejissor Elçin Hami Axundov “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafatını alıb. Ona mükafatı forumun direktoru Dante Rustav təqdim edib.

Festival çərçivəsində “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqramı ilə “Cırtdan”, “Tıq-tıq xanım”, “Cırtdan-pəhləvan”, “Anam ağaca çıxıb”, “İthaf” və digər filmlər təqdim olunub.