Azərbaycan

 

25 aprel 1905 – Ədəbiyyatşünas, şair, tərcüməçi Mikayıl Həsən oğlu Rəfili (1905 – 25.4.1958) Goranboy rayonunun Borsunlu kəndində doğulub. Rus ədəbiyyatından  tərcümələr edib. “Səbuhi” filminin (1941) ssenari müəllifidir.

25 aprel 1911 – Əməkdar artist, müğənni Elmira Ağa qızı Axundova (1911 – 26.11.1998) Bakıda anadan olub. Opera və Balet, Musiqili Komediya teatrlarında çalışıb.  

25 aprel 1914 – Xalq artisti Məhəmməd İsmayıl oğlu Burcəliyev (1914 – 25.11.1994) Şəkidə doğulub. 1935-ci ildən Gəncə Dövlət Dram Teatrının aktyoru olub, teatrda direktor (1950-52) işləyib, tamaşalara quruluş verib. “Dəli Kür”, “Gözlə məni”, “Qəm pəncərəsi” və s. filmlərdə çəkilib.

25 aprel 1933 – Azərbaycan peşəkar milli teatrının 60 illiyi təntənəli şəkildə qeyd edilib.

25 aprel 1942 – Əməkdar mədəniyyət işçisi Şirin Həsən oğlu Rzayev (1942 – 14.4.2020) Gəncədə doğulub. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru olub.

 

26 aprel 1908 – Görkəmli yazıçı, ədəbiyyatşünas, Əməkdar elm xadimi Mir Cəlal Əli oğlu Paşayev (1908 – 28.9.1978) Cənubi Azərbaycanın Əndəbil kəndində anadan olub. “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yaşıdlarım” romanlarının, povest və hekayələrin, “Azərbaycanda ədəbi məktəblər” monoqrafiyasının müəllifidir. BDU-nun professoru olub.

26 aprel 1947 – Kinorejissor, Əməkdar incəsənət xadimi Gülbəniz Yusif qızı Əzimzadə (1947 – 7.12.2006) Bakıda anadan olub. Filmləri: “Qaladan tapılan mücrü”, “Avqust gələndə”, “Ötən ilin son gecəsi”, “Qətl günü” və s.

26 aprel 2021 – Əməkdar artist, müğənni Baloğlan Xanoğlan oğlu Əşrəfov (8.10.1951 – 2021) vəfat edib.

 

27 aprel 1940 – Folklorşünas alim, professor Bəhlul Ağabala oğlu Abdulla (1940-2011) Lerik rayonunun Lələhiran kəndində anadan olub.

27 aprel 1951 – Əməkdar artist, tanınmış kamança ifaçısı, Ədalət Səfərəli oğlu Vəzirov (1951 – 5.10.2002) anadan olub. Moskvada Beynəlxalq musiqi müsabiqəsinin (1974) qalibi olub. Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) müəllim işləyib.

27 aprel 2007 – Məşhur violonçel ifaçısı, dirijor, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviç (27.3.1927 – 2007) vəfat edib. Bakıda doğulan sənətkar dünyanın bir çox ölkələrinin mükafatlarına, o cümlədən Azərbaycanın ən ali təltifinə – “Heydər Əliyev” ordeninə layiq görülüb.

27 aprel 2020 – Azərbaycanda kitabxanaşünaslıq elmi məktəbinin banisi, tarix elmləri doktoru, Əməkdar elm xadimi, professor Abuzər Alı oğlu Xələfov (25.12.1931 – 2020) vəfat edib. 50 ildən çox BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri işləyib.

 

28 aprel 1914 – Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev; 1914 – 6.11.2009) Bakının Mərdəkan kəndində doğulub. Əsərləri: “Şimal küləyi”, “Dəniz qapısı” və s. “Kölgələr sürünür”, “Yenilməz batalyon” filmlərinin ssenarisini yazıb.

28 aprel 1916 – Teatr rəssamı, Əməkdar incəsənət xadimi Əsgər Məmmədismayıl oğlu Abbasov (1916 – 9.2.1970) anadan olub. Musiqili Komediya Teatrının baş rəssamı işləyib.

28 aprel 1916 – Bəstəkar, Əməkdar incəsənət xadimi Ədilə Hacağa qızı Hüseynzadə (1916-2005) anadan olub. Simfonik əsərlərin, romansların, “Duyğular” vokal silsiləsinin müəllifidir.

28 aprel 1917 – Xalq artisti Məhluqə Sadıqova (1917 – 15.8.2003) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, uzun illər radioda “Bulaq” verilişinin əvəzsiz aparıcısı olub. “Yenilməz batalyon”, “Yeddi oğul istərəm”, “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib.

28 aprel 1920 – Məşhur tarzən, Xalq artisti Hacı Məmməd oğlu Məmmədov (1920 – 2.8.1981) Şamaxıda doğulub. Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Eyni zamanda tanınmış həkim-cərrah olub.

28 aprel 1920 – Bəstəkar, dirijor və pedaqoq Məmməd Qəzənfər oğlu Məmmədov (1920 – 28.1.1987) anadan olub.

28 aprel 1921 – Tanınmış dilçi alim, professor Məmməd Tağı oğlu Tağıyev (1921 – 28.9.1994) Samux rayonunda doğulub. “Azərbaycanca-rusca lüğət”in (4 cild) redaktoru, “Rusca-azərbaycanca frazeoloji lüğət”in tərtibçisidir.

28 aprel 1925 – Yazıçı, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Rüstəm oğlu Əliyev (1925 - 6.7.1994) Lerik rayonunun Kürdəsər kəndində doğulub. “Dağlar oğlu”, “Torpağın ətri” və s. romanların müəllifidir. 

28 aprel 1956 – Tanınmış tarzən Gülağa Tapdıq oğlu Zeynalov (1956 - 2.1.2015) Şuşa şəhərində doğulub. Mədəniyyət və İncəsənət Universitetinin  kafedra müdiri olub.

 

Dünya

 

25 aprel 1928 – SSRİ Xalq artisti Yuri Vasilyeviç Yakovlev (1928 – 30.11.2013) anadan olub. Filmləri: “İdiot”, “Qusar balladası”, “Xoş təsadüf və ya həmişə təmizlikdə”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.

 

26 aprel Beynəlxalq Əqli Mülkiyyət Günüdür (World İntellectual Property Day). 2000-ci ildə Dünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə təsis edilib.

 

26 aprel 1798 – Fransız rəssamı Ejen Delakrua (Ferdinand Victor Eugene Delacroix; 1798-1863) anadan olub. “Barrikadada azadlıq”, “Xiosda qətliam” və s. tarixi tabloların müəllifidir.

26 aprel 1886 – Tatar ədəbiyyatının klassiki, şair və yazıçı Qabdulla (Abdulla) Tukay (1886-1913) anadan olub.

 

27 aprel 1878 – Tacik milli ədəbiyyatının banisi, yazıçı və şair Sədrəddin Ayni (Səid-Muradzadə; 1878-1954) anadan olub. Özbək dilində də yazıb. Əsərləri: “Odina”, “Dohunda”, “Qullar”.

 

28 aprel 1848 – Danimarka bəstəkarı Lüdviq Şitte (Ludvig Schytte; 1848-1909) anadan olub. “Gero”, “Məmlük” operalarının müəllifidir.

28 aprel 1902 – Norveç yazıçısı Yohan (Johan) Borgen (1902-1979) anadan olub. Romanları: “Yay yoxdur və olmayacaq”, “Məhəbbət cığırı”, “Mən” və s.

Hazırladı: Vüqar Orxan