Zamanın səhifələrində qalan olaylar, faktlar...
799 il əvvəl...
31 may 1223-cü ildə monqol-tatarların rus knyazlıqları üzərində hökmranlığı başlayıb. Çingiz xanın ən yaxşı sərkərdələri olan Cebe və Subedeyin qoşunları Kiyev, Çerniqov (indiki Ukrayna), Smolensk knyazlıqlarına hücuma keçiblər. Kalka çayı (indiki Donetsk vilayəti) üzərində baş verən ilk döyüşdə rus və qıpçaqların birgə qüvvələri ağır məğlubiyyətə uğrayıb. Monqol-tatarların rus knyazlıqları üzərində hökmranlığı 1480-ci ilədək davam etdi.
569 il əvvəl...
29 may 1453-cü ildə Sultan Mehmetin (Fateh) başçılıq etdiyi Osmanlı ordusu Bizans (Şərqi Roma) imperiyasının paytaxtı Konstantinopolu fəth edib. 330-cu ildə Bizans imperatoru Konstantin tərəfindən əsası qoyulan şəhər strateji əhəmiyyətinə görə daima böyük dövlətlərin mübarizə obyekti olmuşdu. Şəhərin türklər tərəfindən fəthi onun əldən-ələ keçməsinə son qoydu. İstanbul adlandırılan şəhər Osmanlı dövlətinin paytaxtı elan edildi.
467 il əvvəl...
29 may 1555-ci ildə Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında Amasya sülh müqaviləsi imzalanıb. Səfəvi-Osmanlı müharibəsinin (1514-1555) birinci mərhələsi başa çatıb. Qərbi Gürcüstan – İmeretiya, Meqreliya və Quriya çarlıqları Osmanlının, Gürcüstanın şərq vilayətləri və Qərbi Azərbaycan (indiki Ermənistan), eləcə də şimallı-cənublu bütün Azərbaycan torpaqları Səfəvi dövlətinin tərkibinə keçib.
208 il əvvəl...
30 may 1814-cü ildə Napoleonun imperiyası süqut edib. Fransa ilə müttəfiqlər koalisiyası (Rusiya, Prussiya, Britaniya, Avstriya) arasında Paris sülh müqaviləsi imzalanıb. Fransa məğlub olsa da, müqavilə onun üçün qismən məqbul və 1792-ci ilədək mövcud olmuş sərhədlərini və müstəmləkələrini əlində saxlayırdı. Fransanın taxt-tacı Burbonlara (XVIII Lüdoviq) qaytarıldı, Napoleon (sürgün edilmişdi) tərəfindən ələ keçirilmiş ərazilərin müqəddəratı isə Vyana konqresində (1815) həll olundu.
192 il əvvəl...
28 may 1830-cu ildə ABŞ-da hinduların köçürülməsi haqqında qanun qəbul olunub. Bu, hinduların xüsusi rezervasiyalarda yerləşdirilməsini nəzərdə tutan ilk qanun idi. Missisipi çayından şərqdə (ABŞ-ın ən münbit torpaqları) yaşayan 100 minədək hindu ölkənin qərbinə – “Hindu ərazisi” adlandırılan yerə köçürüldü. Tarixə “Göz yaşı cığırı” adı ilə düşən köçürülmədə minlərlə hindu həlak olub.
149 il əvvəl...
29 may 1873-cü ildə çar Rusiyası Xivə xanlığını özünə birləşdirib. Bir qədər əvvəl Buxaranın işğalı hərbi toqquşmalarla müşayiət olunsa da, Xivənin ələ keçirilməsinə yerli əhali faktiki müqavimət göstərmədi.
109 il əvvəl...
30 may 1913-cü ildə Balkan müharibəsinin (1912-1913) yekunları ilə bağlı Londonda müqavilə bağlanıb. Osmanlı imperiyası Krit adası istisna olmaqla, Balkanlardakı bütün ərazilərindən əl çəkib.
104 il əvvəl...
28 may 1918-ci ildə Tiflisdə Azərbaycan Milli Şurasının iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olunub. Əhməd bəy Ağayevin sədrlik (Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə Batumda Osmanlı nümayəndələri ilə danışıqlar aparırdı) etdiyi iclasda iştirak edən 26 deputatın səsi ilə “İstiqlal Bəyannaməsi” qəbul edilib. Fətəli xan Xoyskinin başçılığı ilə ilk hökumət təsdiqlənib. Hökumətdə “Müsavat” 3, müsəlman sosialistlər 2, “Hümmət” və “İttihad” hərəyə 1 yer almışdı, 2 nəfər bitərəf nazir (o cümlədən F.Xoyski) vardı. Milli hökumət iyunun 16-dək Tiflisdə fəaliyyət göstərdi, sonra Gəncəyə köçdü.
31 il əvvəl...
30 may 1991-ci ildə erməni təxribatçılarının Azərbaycana qarşı növbəti terror aktı baş verib. Dağıstanın Xasavyurt stansiyası yaxınlığında Moskva-Bakı sərnişin qatarında törədilən partlayış nəticəsində 11 nəfər həlak olub, 22 nəfər yaralanıb.
30 il əvvəl...
28 may 1992-ci ildə Sədərəkdə Naxçıvanla Türkiyə arasında nəqliyyat əlaqəsi yaradan körpünün (“Ümid körpüsü”) açılışı olub.
Hazırladı: V.Orxan