Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

534 il əvvəl...

9 iyun 1488-ci ildə Şahdağ ətəyində Şirvanşahların birləşmiş qüvvələri ilə Qızılbaş (Səfəvi) qoşunları arasında döyüş olub. Döyüşdə Şirvanşahların qoşunları qalib gəlib, Qızılbaşların rəhbəri Şeyx Heydər həlak olub. Bir neçə ildən sonra onun oğlu İsmayıl taxta çıxdı və qüdrətli Azərbaycan Səfəvi dövlətinin əsasını qoydu.

 

418 il əvvəl...

8 iyun 1604-cü ildə növbəti Səfəvi-Osmanlı müharibəsi (1603-1612) gedişində I Şah Abbasın qoşunları İrəvan qalasını ələ keçirib. Osmanlının nəzarətindən çıxan İrəvanın idarəçiliyi Əmirgünə xan Qacara verilib. Bundan bir qədər əvvəl Səfəvi qoşunları Təbrizi Osmanlıdan geri almışdı. 1580-ci illərdə tərəflər arasındakı müharibədə Azərbaycan əraziləri, demək olar ki, bütünlüklə (Talış bölgəsi və Ərdəbil istisna olmaqla) Osmanlının nəzarətinə keçmiş və bu, 1590-cı ildə İstanbul sülh müqaviləsində təsbit olunmuşdu.

 

207 il əvvəl...

9 iyun 1815-ci ildə Napoleonun süqutundan sonra başlanan (18 sentyabr 1814-cü il) və Avropada yeni geosiyasi mənzərəni müəyyənləşdirən Vyana Konqresi başa çatıb. Konqresin nəticələrinə əsasən, Polşa əraziləri tamamilə (onadək Rusiya və Prussiya arasında bölüşdürülmüşdü) Rusiyaya birləşdirildi, Niderland Krallığı və İsveçrə Konfederasiyası yaradıldı.

 

124 il əvvəl...

9 iyun 1898-ci ildə Böyük Britaniya ilə Çin arasında “Syanqan konvensiyası” imzalanıb. Sazişə əsasən, Çin Syanqan (Honkonq) adasını 99 illiyə Britaniyaya icarəyə verib. 1984-cü ildə Londonla Pekin arasında imzalanan bəyannaməyə əsasən, Britaniya 1997-ci il iyunun 30-da adanı Çinə qaytardı. Honkonq azad iqtisadi zona statusu ilə Çinin inzibati ərazisi oldu.

 

93 il əvvəl...

7 iyun 1929-cu ildə Vatikan dövləti yaranıb. Roma şəhərinin Monte-Vatikano adlanan hissəsində müstəqil Vatikan dövlətinin (Stato della Città del Vaticano) yaranmasına dair  həmin ilin 11 fevralında İtaliya hökuməti ilə “Lateran sazişi” imzalanmışdı. 7 iyunda İtaliya ilə Vatikan arasında diplomatik etimadnamə mübadiləsi oldu və saziş qüvvəyə mindi. Dünya katoliklərinin rəhbəri Papa eyni zamanda Vatikan dövlətinin başçısı oldu. Ərazisi cəmisi 44 hektar, əhalisi isə min nəfərə yaxın olan Vatikan müvafiq dövlət atributlarına malikdir, dünyanın əksər ölkələri ilə diplomatik münasibətlər saxlayır.

 

80 il əvvəl...

10 iyun 1942-ci ildə alman faşist qoşunları Çexiyanın Liditse qəsəbəsində qətliam həyata keçiriblər. Qəsəbədəki faşist idarəçisinin öldürülməsinə cavab olaraq qəsəbənin bütün kişi əhalisi (172 nəfər) güllələnib. 200-dək qadın və uşaq isə konslagerə göndərilmiş və onların təxminən yarısı da orada öldürülmüşdü. Müharibədən sonra Liditsedə memorial muzey yaradıldı, yaxınlıqda isə eyniadlı yeni qəsəbə salındı.

 

78 il əvvəl...

10 iyun 1944-cü ildə Almaniyanın işğalçı qoşunları Fransanın Oradur-sür-Qlan qəsəbəsində də kütləvi qətliam törədiblər. Qəsəbənin kişi əhalisi güllələnib, qadın, uşaq və qocalar isə kilsəyə yığılaraq partladılıb. Ümumilikdə qəsəbənin 640-dək sakini qətlə yetirilmişdi. Müharibədən sonra qəsəbə bərpa edilmədi və xarabalıqlar açıq səma altında xatirə muzeyinə çevrildi. Yaxınlıqda isə eyniadlı yeni qəsəbə inşa edildi.

 

30 il əvvəl...

9 iyun 1992-ci ildə Azərbaycan Pakistan İslam Respublikası və Türkmənistanla diplomatik münasibətlər qurub.

 

29 il əvvəl...

9 iyun 1993-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəlib. Gəncə hadisələri (4 iyun) ilə iflas etmiş Xalq Cəbhəsi iqtidarı Heydər Əliyevdən qiyamçı polkovnik Surət Hüseynovla danışıqlar aparmağı və böhranı sahmanlamağı xahiş edib.

Həmin gün Milli Məclis Gəncədəki qiyamda iştirak etmiş şəxslərə amnistiya verilməsi və hadisələrin araşdırılması üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərarlar qəbul edib.

Hazırladı: V.Orxan