Rusiyanın Ukraynada artıq beşinci aydır davam edən hərbi əməliyyatının ciddi iqtisadi əks-təsirləri ilə yanaşı, ölkənin mədəni həyatında, o cümlədən yaradıcı sənaye və əyləncə sektorunda fəsadları da genişlənməkdədir.

Xəbər verdiyimiz kimi, mart ayında Qərbin nüfuzlu kino şirkətləri Rusiya ilə əməkdaşlığı kəsiblər. Tətbiq edilən sanksiyalara uyğun olaraq, ABŞ-ın “Disney”, “Warner Bros”, “Paramount” kimi kino nəhənglərinin Rusiyaya film prokatını dayandırması bu ölkədə kinozalların fəaliyyətinə mənfi təsir göstərib.

Rusiya Kinoteatrlar Assosiasiyasının məlumatına görə, ötən müddətdə ölkə üzrə kinozalların üçdəbiri fəaliyyətini dayandırıb. Səbəb tamaşaçı sayının azalması və rentabelliliyin olmamasıdır. Sadəcə, yerli filmlərlə zalları doldurmaq artıq mümkün deyil.

Məlumatda bildirilir ki, bu ilin yanvar ayında assosiasiyanın şəbəkəsi üzrə 5,7 min kinozalı fəaliyyət göstərirdisə, may ayında bu rəqəm 3,6 minə düşüb. O cümlədən həftəsonları kino nümayişləri  21 faiz azalıb. Nəticədə kinoteatrların gəliri də bu ilin may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 63 faiz azalıb.

V.Kamal