“BalANS” rəqəmsal bərpa studiyası tərəfindən görkəmli rejissor, Xalq artisti Rasim Ocaqovun “Ölsəm... bağışla” bədii filmi rəqəmsal formatda bərpa edilib.
Layihəyə Milli Qəhrəman Çingiz Mustafayev Fondu, Fəxrəddin Manafovun studiyası, VMF şirkəti, Mədəniyyət Nazirliyi və Dövlət Film Fondu dəstək verib.
Rasim Ocaqov (1933-2006) filmlərində həmişə ekzistensial fəlsəfə, insanlıq dəyərləri, ruhi tənhalıq problemlərinə diqqət yetirib. 1989-cu ildə “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan “Ölsəm… bağışla” filmi də bu silsilədəndir. Filmin qəhrəmanı müharibədən qayıtdıqdan sonra atasının haqsız olaraq məhkum edilməsini öyrənir və ədalətsizlik edənləri cəzalandırmaq qərarına gəlir. Amma şər qüvvələrlə sona qədər mübarizə apara bilmir və nəticədə həyata yenilir...
Rasim Ocaqov etiraf edirdi ki, quruluş verdiyi filmlər arasında ən sevimlisi “Ölsəm... bağışla”dır: “Əgər yaradıcılığıma diqqətlə nəzər salsanız, onda görərsiniz ki, “Ölsəm... bağışla” filmi, mənim ən sevimli filmimdir. Söz yox ki, bütün filmlərim mənim üçün əzizdir. Ancaq bu film mənim üçün çox fərqlidir...”.
Filmin ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Rasim Ocaqov, operatoru Rafiq Qəmbərov, rəssamı Rafis İsmayılov, bəstəkarı Emin Sabitoğludur. Rollarda Fəxrəddin Manafov, Gülzar Qurbanova, Sədayə Mustafayeva, Muxtar Maniyev, Nizami Musayev, Rəsmi Cəbrayılov, Həsən Məmmədov, Hacı İsmayılov və başqaları çəkilib.
Xatırladaq ki, Vahid Mustafayevin rəhbəri olduğu “BalANS” studiyasında bu günə qədər 4 bədii və bir neçə sənədli film bərpa edilib.
Lalə