Zamanın səhifələrində qalan olaylar, faktlar...
508 il əvvəl...
23 avqust 1514-cü ildə Səfəvi dövlətinin başçısı Şah I İsmayılın qoşunları ilə Sultan I Səlimin (Sultan Səlim Yavuz) başçılıq etdiyi Osmanlı ordusu arasında Çaldıran düzündə (Maku şəhəri yaxınlığında) döyüş baş verib. Dövrün iki qüdrətli türk dövlətinin üzə-üzə gəldiyi döyüşdə Səfəvi ordusu məğlub olub. Osmanlı ordusu Xoy və Mərəndi, hətta Səfəvi dövlətinin paytaxtı Təbrizi tutub, lakin bir həftə sonra oranı tərk edib. Çaldıran döyüşündə qələbə sayəsində Osmanlı dövləti Ərzurum daxil olmaqla Şərqi Anadolunu və Şimali Mesopotamiyanı (indiki Şimali İraq) ələ keçirib. Məğlubiyyət Səfəvilərin hərbi-siyasi nüfuzuna ağır zərbə vurub.
450 il əvvəl...
24 avqust 1572-ci ildə tarixə dəhşətli qətliamlardan biri kimi düşmüş “Varfolomey gecəsi” baş verib. Avqustun 25-nə keçən gecə (Müqəddəs Varfolomey günü ərəfəsində) Parisdə katoliklər protestant təriqətinə mənsub olan quqenotları (fransızca eyguenot – silahdaş, yoldaş) kütləvi şəkildə qətlə yetiriblər. Fransa kraliçası Katerine Mediçinin əmri ilə həyata keçirilən qırğın əslində Vatikanın planı idi. Katolik kilsəsinin rəhbərliyi xristianlıqda mütərəqqi cərəyan kimi yayılan protestantlıqla bu cür üsullarla mübarizə aparırdı. Müxtəlif tarixi qaynaqlara görə, “Varfolomey gecəsi”ndə Parisdə 3 min, ümumilikdə Fransada 30 minədək quqenot məhv edilmişdi.
444 il əvvəl...
24 avqust 1578-ci ildə Səfəvi-Osmanlı müharibələrinin ikinci mərhələsi (birinci mərhələ 1555-ci ildə Amasya sülhü ilə yekunlaşmışdı) başlanıb. Çıldır döyüşündə Səfəvi qoşunlarına qalib gələn Osmanlı qüvvələri Tiflisi ələ keçiriblər. Lakin bir qədər sonra (sentyabr) Səfəvi qoşunları Tiflisi geri alıb, Osmanlı ordusunun şimal-qərbi Azərbaycan torpaqlarına irəliləməsinin qarşısı alınıb.
300 il əvvəl...
23 avqust 1722-ci ildə Çar I Pyotrun komandanlığı altında rus qoşunları Dərbənd şəhərini işğal ediblər. Rusiyanın Azərbaycanın Xəzərsahili bölgələrinə hərbi ekspansiyası başlanıb. Bir qədər sonra Bakını (1723) ələ keçirən rus qoşunları Lənkəran-Astara, daha sonra isə Ənzəli limanınadək irəliləyib.
83 il əvvəl...
23 avqust 1939-cu ildə SSRİ ilə Almaniya arasında bir-birinə hücum etməmək haqqında saziş imzalanıb. İki ölkənin xarici işlər nazirləri Molotov və Ribbentrop tərəfindən imzalanan sazişə əlavə olaraq SSRİ ilə Almaniya arasında Şərqi Avropanın bölüşdürülməsinə dair gizli protokol da imzalanmışdı. Həmin protokola əsasən, 1939-cu il sentyabrın 1-də faşist Almaniyası Polşanı, daha sonra Çexoslovakiyanı işğal etdi. SSRİ isə Baltikyanı respublikaları özünə birləşdirdi. Molotov-Ribbentrop paktının gerçək mahiyyəti yalnız 50 il sonra rəsmən açıqlandı.
29 il əvvəl...
23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarının mərkəzlərini və kəndlərinin böyük hissəsini işğal edib. Həmin ilin oktyabrında hər iki rayon bütünlüklə işğal altına düşdü. 1994-cü ilin yanvarında Azərbaycan Ordusu Füzulinin Arazboyu kəndlərini və Horadiz qəsəbəsini düşməndən azad etdi . 2016-cı ilin Aprel döyüşlərində qalibiyyət sayəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinləri doğma yurda qayıtdılar. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Cəbrayıl (4 oktyabr) və Füzuli (17 oktyabr) şəhərləri, hər iki rayonun bütün kəndləri işğaldan azad edildi.
21 il əvvəl...
24 avqust 2001-ci ildə Türkiyənin ali pilotaj eskadrilyası – “Türk ulduzları” ilk dəfə Bakı səmasında nümunəvi uçuşlar keçirib. Aksiya Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hüseyn Kıvrıqoğlunun Azərbaycana səfəri gedişində reallaşıb. Səfər zamanı iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.
20 il əvvəl...
24 avqust 2002-ci ildə Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə bağlı referendum keçirilib. Referendum aktında Konstitusiyanın 24 maddəsi üzrə 39 dəyişiklik (o cümlədən zərurət yarandığı halda Prezident səlahiyyətlərinin Milli Məclisin sədrinə deyil, Baş nazirə keçməsi) təklif olunmuşdu. Rəsmi nəticələrə əsasən, dəyişikliklər paketinin lehinə (ayrı-ayrı bloklar üzrə) 96-97 faiz səs verilmişdi.
Hazırladı: V.Orxan