İtaliyanın Venesiya şəhərində 79-cu kinofestival başa çatıb
Avqustun 31-dən sentyabrın 10-dək davam edən 79-cu Venesiya Film Festivalının mükafatçıları elan olunub. Avropanın ən nüfuzlu üç kinoforumundan (Kann və Berlin festivalı ilə bərabər) biri olan Venesiya Film Festivalının əsas müsabiqə proqramına bu il 23 ekran əsəri daxil edilmişdi.
Amerikalı aktrisa və yazar Culian Murun sədrlik etdiyi münsiflər heyətinin qərarına əsasən, amerikalı rejissor və sənədli filmlərin prodüseri Laura Poitrasın “Bütün gözəlliklər və qanlar” filmi “Ən yaxşı film” nominasiyasında 79-cu Venesiya Film Festivalının “Qızıl şir” mükafatını qazanıb.
Qeyd edək ki, bu, kinofestivalın əsas proqramında yeganə sənədli film olub. Filmdə amerikalı fotoqraf Nan Qoldinin “Purdue Pharma” əczaçılıq şirkətinə dəstək verən Sakler ailəsinə qarşı çıxmasından bəhs edilir. Sözügedən şirkət istifadəçilərdə preparata davamlı bağlılıq yaradan ağrıkəsici (oksikontin) istehsalı ilə məşğuldur.
Fransalı rejissor Alis Diopun “Müqəddəs Ömər” filmi jürinin Qran-pri mükafatına – “Gümüş şir”ə layiq görülüb.
İtaliyalı rejissor, prodüser və ssenarist Luka Quadaqnino “Sümüklər və hamısı” filminə görə “Ən yaxşı rejissor” nominasiyasında mükafata yiyələnib. Həmin filmdə çəkilən kanadalı aktrisa Teylor Rassl perspektiv vəd edən gənc aktyor və aktrisalar üçün nəzərdə tutulan “Marçello Mastroyanni” mükafatına layiq görülüb.
Azərbaycan əsilli məşhur iranlı rejissor Cəfər Pənahinin “Ayılarsız” filmi münsiflər heyətinin xüsusi mükafatını qazanıb. Qeyd edək ki, Cəfər Pənahi hazırda İranda həbsdədir.
İrlandiyalı aktyor Colin Farrell (“İnişerinin ölüm pəriləri” filmi, rejissor Martin Makdonax) və avstraliyalı aktrisa Keyt Blanşett (“Qətran” filmi, rejissor Tod Fild) ən yaxşı kişi və qadın oyunçu kimi “Volpi” kubokunu qazanıblar.
V.Kamal