Sentyabrın 15-də Özbəkistanda “İpək Yolunun dürdanəsi” XIV Daşkənd kinofestivalının təntənəli açılış mərasimi keçirilib.
Festivala dünyanın 35 ölkəsindən 300-dən artıq kinematoqrafçı – rejissorlar, aktyorlar, kino sahəsinin mütəxəssisləri qatılıb. Festivalda Azərbaycan da təmsil olunur.
Əvvəlcə festivalın fəxri qonaqları qırmızı xalıdan keçərək mətbuat nümayəndələri ilə görüşüblər.
Özbəkistan Prezidentinin müşaviri Adil Abduraxmanov dövlət başçısı Şavkat Mirziyoyevin festival iştirakçılarına təbrik məktubunu oxuyub.
Ölkəmizin nümayəndə heyətinə “Azərbaycanfilm” Kinostudiyasının direktoru Nazim Hüseynov, kinorejissor, Xalq artisti Vaqif Mustafayev, rejissor, kinoşünas, Əməkdar incəsənət xadimi Ayaz Salayev, rejissor və prodüserlər Oleq Səfərəliyev, Asif Rüstəmov, İlqar Nəcəf, eləcə də Özbəkistan və Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova, Xalq artisti Gülyaz Məmmədova daxildir.
Festivalda Ayaz Salayevin “Torpaq” və İlqar Nəcəfin “Suğra və oğulları” filmləri nümayiş etdiriləcək.
Açılış mərasimində bildirilib ki, kinofestival çərçivəsində dünyanın müxtəlif ölkələrinin ümumilikdə 150 bədii və sənədli filmi nümayiş olunacaq. Daşkənddə və Özbəkistanın regionlarında 100-dən çox yaradıcılıq tədbirinin, müzakirə və görüşlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, sentyabrın 18-dək davam edəcək “İpək Yolunun dürdanəsi” kinofestivalı çərçivəsində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan kinosu günləri” də keçirilir.