İsveçrənin Bazel şəhərində keçirilən XVI “Cinema Querfeld” festivalında Azərbaycan rejissoru İlqar Nəcəfin “Nar bağı” tammetrajlı bədii filmi təqdim olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, “Azərbaycanın Dostları” Birliyinin təşkilatçılığı ilə nümayiş etdirilən ekran əsəri isveçrəli izləyicilərdə maraq doğurub. Birlik filmin alman dilində altyazısını xüsusi olaraq bu festival üçün hazırlayıb.
Qeyd edək ki, İsveçrədəki müxtəlif diaspor təşkilatlarının iştirakı ilə gerçəkləşən ənənəvi festivalda filmlər çəkildiyi dildə və almanca altyazı ilə tamaşaçılara təqdim olunur.
“Nar bağı” filminin təqdimatı çərçivəsində İsveçrədə yaşayan rəqqasə Mariya Xan Xoyskaya “Sarı gəlin” Azərbaycan xalq mahnısını ifa edib. Onu isveçrəli musiqiçi Yvette Baum müşayiət edib.
“Azərbaycanın Dostları” Birliyinin sədri Arzu Əliyeva – Bodmer bildirib ki, təşkilat 2014-cü ildən etibarən hər il “Cinema Querfeld” festivalında iştirak edir və Azərbaycan filmlərini isveçrəlilərə təqdim etməkdən qürur duyur.