Üç Milli Qəhrəman haqqında filmlərin təqdimatı

 

Qadın rejissorlar tərəfindən üç şəhid Milli Qəhrəmanımız haqqında film çəkilib. Noyabrın 25-də Nizami Kino Mərkəzində filmlərin təqdimatına həsr olunmuş “Qəhrəmanlar qadın rejissorların gözü ilə” adlı tədbir keçirildi.

“Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən ekran əsərləri Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında hazırlanıb. Bunlar Cəlil Səfərova həsr olunan “Oğlumun gündəliyi” (rejissor Elnaz Əbluc), Səfa Axundov haqqında “Göylərə bağlı Səfa” (rejissor Zülfiyyə Abdullayeva) və Niyazi Aslanova həsr olunan “Mən sizinləyəm” (rejissor Kəmalə Mirzəyeva) sənədli filmləridir.

Tədbirdə mədəniyyət və incəsənət xadimləri, şəhidlərin ailə üzvləri, digər qonaqlar iştirak edirdilər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycanın Dövlət Himni səsləndirildi.

Hər üç sənədli film haqqında məlumat verildi.

“Göylərə bağlı Səfa” filminin ssenari müəllifi və rejissoru Zülfiyyə Abdullayeva bildirdi ki, ekran əsəri Birinci Qarabağ müharibəsi zamanı 1992-ci ildə Şuşa üzərində düşmən tərəfindən Mİ-8 helikopterinin vurulması ilə şəhid olmuş Milli Qəhrəman Səfa Axundov haqqındadır. Çəkilişləri Cəlilabad və Bakıda aparılan filmdə şəhid qəhrəmanın ailə üzvləri, məktəb yoldaşları onunla bağlı xatirələrini bölüşüblər.

“Mən sizinləyəm” filminin rejissoru Kəmalə Mirzəyeva qeyd etdi ki, ekran işi 1992-ci il mayın 4-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığındakı döyüşdə şəhid olan Milli Qəhrəman Niyazi Aslanova həsr olunub. “Bu günədək müharibə sözünü dəhşətlə eşidirdik. İndi sevincliyik, çünki mənfur düşmən üzərində parlaq Qələbə qazanmışıq. Bilirsiniz, insan qəhrəman doğulmasa da, qəhrəman kimi ölməyi bacarmalıdır. Çoxlarına bu əbədi yolçuluq qismət olmur, amma hər kəs şücaət göstərməyə can atmalıdır. Bir də ona sevinirik ki, az da olsa, onların xatirəsini əbədiləşdirərək gələcək nəsillərə çatdıra bilirik. Burada, azacıq da olsa, rolumuz varsa, özümüzü xoşbəxt hiss edirik”, – deyə rejissor bildirdi.

Ssenari müəllifi və rejissoru Elnaz Əbluc olan “Oğlumun gündəliyi” filminin çəkilişləri isə 44 günlük Vətən müharibəsindən əvvəl başlanıb və müharibədən sonra davam etdirilib. Bakı şəhərində lentə alınan filmdə Milli Qəhrəmanın oğlu Əziz Səfərov atasının başına gələnləri danışıb. Cəlil Səfərov Qazaxıstanda işləyib. Birinci Qarabağ müharibəsi başlayanda Azərbaycana qayıdıb və müharibədə iştirak edib. 1992-ci il mayın 15-də Şuşanın Turşsu və Zarıslı kəndləri istiqamətində döyüşlərdə şəhid olub.

Milli Qəhrəmanların ailə üzvləri və yaxınları çıxış edərək filmlərin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini bildirdilər.

Sonra filmlər nümayiş olundu.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında 2010-cu ildən başlayaraq “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsi üzrə filmlər çəkilir. İndiyədək bu silsilədən 120-dən artıq film lentə alınıb.

Nurəddin Məmmədli