Azərbaycan
14 dekabr 1915 – Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid Məcid oğlu Behbudov (1915 – 9.6.1989) Tiflisdə anadan olub. Əslən şuşalıdır. “Arşın mal alan” (1945), “Bəxtiyar” (1955) filmlərində baş rollara çəkilib, operada (Balaş – “Sevil”) çıxış edib. Azərbaycan musiqisinin dünyada təbliğinə töhfələr verib. Bakıda Mahnı Teatrını yaradıb.
14 dekabr 1927 – Kristalloqrafiya sahəsində məşhur alim, Azərbaycan EA-nın müxbir üzvü Xudu Surxay oğlu Məmmədov (1927 – 15.10.1988) Ağdamın Mərzili kəndində anadan olub. Ədəbiyyatşünaslıq, sənətşünaslıqla bağlı yazıların, “Naxışların yaddaşı”, “Qoşa qanad” və s. kitabların müəllifidir.
14 dekabr 1929 – Ədəbiyyatşünas, filologiya elmləri doktoru, tərcüməçi Dilarə Ələkbər qızı Əliyeva (1929-1991) Tiflisdə doğulub. “Nizami və gürcü ədəbiyyatı” mövzusunda tədqiqatları var, gürcü ədəbiyyatından tərcümələr edib. Ali Sovetin deputatı olub.
14 dekabr 1938 – Əməkdar incəsənət xadimi, rejissor Nazim Hüseynqulu oğlu Abbasov (1938 – 16.9.2000) Lənkəranda anadan olub. Bədii (“Dvorjakın melodiyası”), sənədli və televiziya filmlərinin rejissoru olub.
14 dekabr 1972 – Heydər Əliyev Sarayı istifadəyə verilib, sarayın səhnəsində ilk böyük qala-konsert keçirilib. Sovet dövründə Lenin Sarayı, sonra Respublika Sarayı adlanıb. 2004-cü ildən ümummilli lider Heydər Əliyevin adını daşıyır.
14 dekabr 2011 – Tanınmış xanəndə, Xalq artisti Qədir Çərkəz oğlu Rüstəmov (20.11. 1935 – 2011) vəfat edib. Muğam və xalq mahnılarımızın bənzərsiz ifaçısı olub.
15 dekabr 1905 – Əməkdar incəsənət xadimi, rəssam Reyhan İbrahim qızı Topçubaşova (1905 – 5.3.1970) Qubada anadan olub. Portret (“M.Ə.Sabir”), mənzərə (“Mərdəkanın görünüşü”) janrlarında, məişət mövzusunda (“Köhnə bazar”, “Toy”) əsərlər, natürmortlar çəkib.
15 dekabr 1909 – Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlul oğlu Bəhlulzadə (1909 – 13.10.1974) Bakının Əmircan kəndində doğulub. Əsərləri: “Kəpəzin göz yaşları”, “Vətənimin baharı”, “Azərbaycan nağılı”, “Suraxanı atəşgahı”, “Babəkin üsyanı”, “Fətəli xan” və s. Əsərləri dünyanın bir sıra muzeylərində saxlanılır.
15 dekabr 1910 – Tarixçi alim, akademik İsmayıl Abbas oğlu Hüseynov (1910 – 8.11.1969) anadan olub. AMEA Tarix İnstitutunun direktoru işləyib. Tarix elmləri doktoru adını alan ilk azərbaycanlı alimdir.
15 dekabr 1912 – Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı İsmayıl qızı Rzayeva (1912 – 4.7.1975) anadan olub. Mahnı (o cümlədən uşaqlar üçün “Kukla”, “Şən yolka” və s.) və romansların, simli kvartet üçün əsərlərin müəllifidir.
15 dekabr 1913 – Tarix elmləri doktoru, ictimai xadim Kamran Əsəd oğlu Hüseynov (1913 – 20.4.2006) Qubadlı rayonunun Çərəli kəndində doğulub. Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olub.
15 dekabr 1920 – Azərbaycan İnqilab Komitəsi “Vahid dövlət arxiv fondunun təşkili və Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinin yaradılması haqqında” dekret verib. Azərbaycan Dövlət Arxivi 1921-ci ilin yanvarında fəaliyyətə başladı.
15 dekabr 1922 – Əməkdar incəsənət xadimi, rejissor Ulduz Saleh qızı Rəfili-Əliyeva (1922-2006) Goranboy rayonunun Borsunlu kəndində doğulub. Gənc Tamaşaçılar Teatrında çalışıb. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub.
15 dekabr 1924 – Xalq şairi Hüseyn Arif (Hüseyn Camal oğlu Hüseynzadə; 1924 – 14.9.1992) Ağstafa rayonunun Yenigün kəndində doğulub. “Bahar gələndə”, “Söylə, yadındamı?”, “Qocalan deyiləm” və s. kitabların müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri olub.
15 dekabr 1939 – Əməkdar artist, vokal ifaçısı Rumiyyə Həmid qızı Kərimova (1939 – 5.12.2020) Bakıda doğulub. Akademik Opera və Balet Teatrının solisti olub.
15 dekabr 1939 – Xalq artisti, müğənni Yalçın İmran oğlu Rzazadə (1939 – 22.2.2021) Lənkəranda doğulub. Azərbaycan Televiziyasında “Dan ulduzu” ansamblının, digər musiqi kollektivlərinin solisti olub, filmlərdə (“Dədə Qorqud”, “Qayınana”) mahnıları ifa edib.
15 dekabr 1956 – Əməkdar mədəniyyət işçisi, kinomexanik Tofiq Hüseyn oğlu Hüseynov (1956-2014) anadan olub.
15 dekabr 1999 – Əməkdar mədəniyyət işçisi, aşıq İmran Mehralı oğlu Həsənov (1928-1999) vəfat edib.
16 dekabr 1898 – Xalq rəssamı Qəzənfər Ələkbər oğlu Xalıqov (1898 – 1.3.1981) Bakıda anadan olub. “Molla Nəsrəddin” jurnalında karikaturaçı kimi çalışıb, “Sehrli xalat”, “İstintaq davam edir” filmlərində geyim rəssamı olub. “Nizaminin portreti”, “Firdovsinin dəfni” və s. əsərlərin müəllifidir.
16 dekabr 1909 – Yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi Cahangir Rəcəb oğlu Gözəlov (1909 – 7.9.1999) Ağdam rayonunun Şıxbabalı kəndində anadan olub.
16 dekabr 1922 – Ədəbiyyatşünas, Əməkdar mədəniyyət işçisi İmran Sultan oğlu Seyidov (1922 – 10.5.2001) Qubada doğulub. “Koroğlu” dastanını rus dilinə tərcümə edib. Azərbaycan EA-nın İctimai elmlər bölməsində elmi katib olub.
16 dekabr 1927 – Tarixçi alim, akademik Cəmil Bahadur oğlu Quliyev (1927 – 27.12.2010) Ağdamda doğulub. Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, Elmlər Akademiyasının vitse-prezidenti olub.
16 dekabr 1934 – Şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Tofiq Qulam oğlu Bayram (1934 – 18.4.1991) Bakının Əmircan kəndində anadan olub. Kitabları: “Səninlə görüşəndə”, “Əsrin oyunu”, “Könlümdə yaşayanlar”, “Ay gecikən məhəbbətim” və s. Rus dilindən bədii tərcümələrin müəllifidir.
16 dekabr 1952 – Əməkdar artist, müğənni Zöhrə Abdulla qızı Abdullayeva (1952 – 28.5.2021) Şuşa şəhərində anadan olub.
16 dekabr 1961 – Jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əziz qızı Əsgərova (1961 – 9.1.1991) anadan olub.
16 dekabr 1979 – Məşhur cazmen, bəstəkar, Əməkdar artist Vaqif Əziz oğlu Mustafazadə (16.3.1940 – 1979) vəfat edib. Caz-muğamın yaradıcısıdır. Beynəlxalq müsabiqə və festivalların qalibi və laureatı olub.
16 dekabr 2011 – Opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Yusif qızı Əhmədova (23.9.1928 – 2011) vəfat edib. 1951-1988-ci illərdə Akademik Opera və Balet Teatrının solisti olub.
Dünya
14 dekabr 1895 – Fransız şairi, poeziyada dadaizm və sürrealizmin banilərindən biri Pol Eluyar (Paul Eluard – Eugene Emile Paul Grindel; 1895 – 18.11.1952) anadan olub.
14 dekabr 1898 – Rus kinorejissoru Yefim Lvoviç Dziqan (1898 – 31.12.1981) anadan olub. “Fətəli xan” (1947) Azərbaycan filminin rejissorudur.
14 dekabr 1924 – Hind aktyoru, rejissor, prodüser Rac Kapur (Raj Kapoor; 1924 – 2.6.1988) anadan olub. Filmləri: “Avara”, “Cənab 420” (aktyor), “Sanqam”, “Bobbi”, “Abdulla” (rejissor) və s.
15 dekabr 1798 – İtalyan şairi Antonio Qvandanoli (Antonio Guadagnoli; 1798- 1858) anadan olub.
16 dekabr 1770 – Alman bəstəkarı, dirijor və pianoçu Lüdviq van Bethoven (Ludwig van Beethoven; 1770 – 26.3.1827) anadan olub.
16 dekabr 1775 – İngilis realist ədəbiyyatında “qadın romanları”nın banisi Ceyn Ostin (Jane Austen; 1775–1817) anadan olub.
16 dekabr 1866 – Rus rəssamı, təsviri sənətdə abstraksionizmin banilərindən Vasili Kandinski (1866–1944) anadan olub.
Hazırladı: V.Orxan