Dünya kinosunda ən bahalı və ən çox gəlir gətirən filmlərin müəllifi kimi ad çıxaran Ceyms Kameronun “Avatar: Suyun yolu” (“Avatar 2”) filmi dünya prokatında 2 milyard dollarlıq həddini keçib.
Kanadalı kinorejissorun dünya premyerası 2022-ci il dekabrın 6-da olan filmi ayyarım ərzində ABŞ-da 600 milyon dollar, digər ölkələrdə isə toplam 1,4 milyard dollar gəlir gətirib. Filmin büdcəsi isə 350 milyon dollardan çoxdur.
“Avatar: Suyun yolu” Kameronun 2 milyard dollarlıq həddi keçən üçüncü filmidir. Bu həddi dünya kinosu tarixində ilk dəfə rejissorun 1997-ci ildə çəkdiyi “Titanik” filmi keçib. Onu da qeyd edək ki, “Titanik” 200 milyon büdcəsi ilə dövrünün ən bahalı filmi olub. O, dünya prokatında birinciliyi 12 il əlində saxladıqdan (təxminən 2,2 milyard gəlir) sonra yerini 2009-cu ildə Kameronun yeni filminə – “Avatar”a verib. 245 milyona dollara yaxın büdcəsi olmuş “Avatar” isə indiyədək prokatdan 2,9 milyard dollar gəlir gətirib. Bu göstərici hazırda dünya kinosu tarixində ən yüksək göstəricidir.
“Avatar 2”nin hələ 2013-cü ildə ekranlara çıxacağı elan edilsə də, çəkiliş tarixi uzun müddət təxirə salınıb. Filmin premyerası 2020-ci ilə gözlənilsə də, pandemiya üzündən iki il ertələnmişdi.
Beləliklə, Ceyms Kameronun toplam 700 milyon dollara yaxın büdcəsi olan üç filminin prokat gəliri bunun 10 qatı qədər – 7 milyard dollardan çoxdur. Onu da qeyd edək ki, indiyədək dünya kinosu tarixində 2 milyard dollar gəlir həddini cəmi 6 film keçib.
V.Kamal