Şəhərin qədim hissəsi – İçan-Kala UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib
Özbəkistanın Xivə şəhəri qədim abidələri ilə dünyada məşhurdur. Xarəzm vilayətində yerləşən və vaxtilə Xivə xanlığının mərkəzi olan şəhər bu gün də ölkəyə gələn səyahətçilərin marağını cəlb edir.
2022-ci ildə Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Turizm Nazirlərinin XI Konfransında Xivə şəhərinin 2024-cü il üçün “İslam dünyasının turizm paytaxtı” elan olunması ilə bağlı qərar qəbul edilib.
2500 ildən artıq yaşı olan Xivə Türk dünyasının ən qədim şəhərlərindən biridir və yaxşı qorunan tarixi abidələri ilə seçilir. Səyyahların Xivəyə gedərkən şəhərin girişində ilk gördükləri İçan-Kalanı əhatə edən nəhəng müdafiə divarlarıdır. Bu nəhəng divarların o biri tərəfində tamamilə fərqli bir mühit görünür.
Qədim dini əlyazmalara əsaslanaraq şəhərin əsasının Nuh peyğəmbərin oğlu Som tərəfindən qoyulduğuna dair fikirlər də mövcuddur. Rəvayətə görə, Som səhranın ortasında karvanlar üçün quyu qazır və karvandakı tacirlər bu sudan içirlər. Maraqlıdır ki, bu əfsanəvi quyu günümüzə qədər gəlib çatıb. Bundan sonra tədricən indiki Xivə ərazisində yaşayış binaları tikilməyə başlanıb. Zaman keçdikcə Xivə Orta Asiyanın elm mərkəzlərindən birinə çevrilib. Lakin 1220-ci ildə regionun digər şəhərləri kimi Xivə də Çingiz xan tərəfindən dağıdılıb. 1511-ci ildə şəhər Şeybanilər dövlətinə qatılıb. 1598-ci ildə şəhər Xivə xanlığının paytaxtı olub. 1763-cü ildə Xivə xanlığının idarəsi Məhəmməd Əmin xana keçir. Bu gün Xivədə yerləşən bir çox tarixi tikililər məhz Məhəmməd Əmin xanın dövründə inşa olunub. Hazırda Xivə şəhəri iki hissədən ibarətdir: İçan-Kala (daxili qala) və Disan-Kala (xarici qala). Xivənin tarixi hissəsi – İçan-Kala kompleksi 1990-cı ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Xivə şəhərinin adının mənşəyi haqqında çoxlu rəvayətlər mövcuddur. Bəzi mənbələrdə şəhərin adı qədim zamanlarda “Xevaq” kimi çəkilib. Məsələn, Özbəkistan Elmlər Akademiyasının H.Süleymanov adına Əlyazmalar İnstitutunda saxlanılan “Dili Qaroyib” kitabında “Xevaq” kimi qeyd olunur.
Xivə şəhəri tarix yadigarları ilə zəngindir. İslamxoca qalası, Kəltə qalası, Cümə məscidi, Daş həyət və bir neçə qədim məqbərə şəhərə gələn qonaqların diqqətini cəlb edir. Min ildən çox yaşı olan Cümə məscidi öz sütunları ilə maraq doğurur. Tikilidə sütunlar elə düzülüb ki, zalın bütün guşələrindən imamı görmək mümkündür. Bu məscid binası özbək xalqının elmdə yüksək nailiyyətlərinin və zəngin memarlıq ənənələrinin göstəricisidir.
Xivə mədəniyyəti həm də müxtəlifliyi ilə seçilir. Burada müxtəlif xalqların mədəni zənginlikləri yaşadılır. “Ləzgi” Xivədə yaranmış məşhur musiqi və rəqslərdəndir.
Adkhamjon Janobiddinov
Özbəkistan