Nəticələr yaxın günlərdə elan olunacaq...
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC tərəfindən ölkəmizdə ilk dəfə çoxseriyalı tarixi bədii televiziya filmi çəkilir.
AzTV-də yayımlanacaq “Atabəylər: Şəmsəddin Eldəniz” adlı ekran işi üçün ötən il dekabrın 21-də musiqi (soundtrack) müsabiqəsi elan olunmuşdu. Bəstələrin son qəbul tarixi bu il yanvarın 25-i təyin edilmişdi.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən bildirildi ki, müsabiqəyə 20-dən çox bəstəkar əsərini təqdim edib. Müsabiqənin nəticələri yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, iki mövsüm üçün nəzərdə tutulan çoxseriyalı bədii televiziya filminin ilk mövsümü 24 bölümdən ibarət olacaq. Filmdə Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldəniz, Möminə xatın, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Nizami Gəncəvi, Nəsrəddin Tusi, Memar Əcəmi Naxçıvani, Sultan Səncər, Vəzir Kəmaülmülk və başqa şəxsiyyətlərin obrazları canlandırılacaq.
Filmin çəkilişi Türkiyədə və ölkəmizdə fəaliyyət göstərən peşəkar kino işçilərindən formalaşdırılan yeni prodakşn “Şahdağfilm”ə həvalə olunub.
Lalə