Muğamı yaşamaq, muğamla yaşamaq, onun əbədiyaşarlığına can-dildən töhfə vermək. Ömrünü Azərbaycanda muğam ifaçılığının inkişafına həsr etmiş neçə-neçə sənətkarımız olub. Bu il həmin dəyərli sənətkarlardan birinin – sənət dünyasında “Zabul Qasım” kimi tanınan Qasım Abdullayevin anadan olmasının 150 illiyidir. Qasım İbrahim oğlu Abdullayev (Zabul Qasım) 1873-cü ildə Şuşa şəhərində dünyaya göz açıb. Şəhərin zəngin mədəniyyət, muğam-sənət mühiti erkən çağlardan onda musiqiyə maraq oyadır. Ustad sənətkarların ifaları onu öz sehrinə salır. El şənliklərinə, xüsusilə imkanlı ailələrin məclislərinə dəvət olunur. Şuşadakı “Şəmilin bağı”nda muğamsevərlər qarşısında məlahətli səslə çıxışlar edir.
Görkəmli xanəndə İslam Abdullayev xatirələrində sənətkardan bəhs edərək yazır: “1913-cü ilin səfalı yay günləri idi. İsa bulağında bir neçə məclis qurulmuşdu. Şənliyə Qarabağın adlı-sanlı xanəndələri təşrif buyurmuşdu. Hər məclisdə bir xanəndə vardı. Birdən Qasımın hər kəsi valeh edən bəlağətli səsi eşidildi. O, “Zabul” oxuyurdu. Qasımın səsini eşidən xanəndələr, hətta rəhmətlik Cabbar Qaryağdıoğlu belə qavalı yerə qoydu. Onun vurduğu şirin xallar və gözəl guşələr maraqla dinlənilirdi. Həmin vaxt mən şuşalı tacir Hacı Bəşirin məclisində “Rast” oxuyan xanəndə Xanlıq Şükürə qulaq asırdım... Məclisdə Hacı Bəşir “palazqulaq” bir yüzlük çıxarıb Şükürün qarşısına qoydu. Ondan acığa bir “Zabul” oxumağı xahiş etdi. Ancaq Xanlıq Şükür oxumadı və dedi: “Ağa, Qasım olan məclisdə mən “Zabul” oxumaram”.
Musiqişünas, Əməkdar incəsənət xadimi Firudin Şuşinski araşdırmasında yazır ki, “Zabul-segah” musiqi məclislərində ən çox ifa olunan muğamlardan olub. Məşədi Qasım bu muğamı çox gözəl ifa edib. Onun oxuduğu “Zabul” son dərəcə lirik mahiyyət daşımaqla, həddindən artıq gözəl guşə və şirin xalları ilə bütün başqa xanəndələrin oxuduqları “Zabul”dan fərqlənib. Buna görə də Qasımdan sonra gələn xanəndələr, xüsusilə Musa Şuşinski, Bülbül, Xan Şuşinski, Əli Cavad oğlu və Zülfü Adıgözəlov kimi peşəkar xanəndələr “Zabul” oxumaqda məhz Qasım Abdullayevi təqlid edirdilər.
Ötən əsrin əvvəllərində Zabul Qasım Bakıda bir neçə konsert verir və tamaşaçıların rəğbətini qazanır. O daha sonra “Tağıyev teatrı”nda verilən “Şərq konserti”ndə Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər və Seyid Mirbabayevlə birlikdə çıxışlar edir. Bu konsertdə Qasımın ifası sürəkli alqışlarla qarşılanır. Həmin dövrdə “Kaspi” qəzeti “Şərq konserti” və onun ifaçıları haqqında dərc etdiyi məqalələrin birində Qasımın xanəndəliyini yüksək qiymətləndirərək yazıb: “Konsertin birinci şöbəsində bir neçə vaxt bundan əvvəl Şuşadan gəlmiş müğənni Qasım çıxış etdi. O, gözəl səsi ilə “Segah” muğamını olduqca şirin oxudu...”.
Mövzu ilə bağlı araşdırmada qeyd edilir ki, ötən əsrin birinci yarısında Zabul Qasım təkcə peşəkar muğam ifaçısı deyil, eyni zamanda opera artisti kimi də tanınıb. Onu ilk dəfə səhnəyə dəvət edən və istedadını yüksək qiymətləndirən görkəmli bəstəkar Zülfüqar Hacıbəyov olub. Xanəndə 7 avqust 1913-cü ildə Şuşadakı “Yay klubu”nda tamaşaya qoyulan “Leyli və Məcnun” operasında Məcnunun atası rolunda çıxış edir. Onun professional çıxışı tamaşaçıları heyran qoyur. Bundan sonra Qasım Abdullayevin adı teatr tamaşalarının afişalarında tez-tez yer alır.
Sənətkarın ifasının sorağı ölkəmizin hüdudlarını da aşıb. O, “Sport-Rekord” musiqi şirkətinin dəvəti ilə 1914-cü ildə Tiflis şəhərinə gedir. Orada “Zabul-segah”, “Bayatı-Şiraz”, “Humayun”, “Şur” və “Mahur-hindi” muğam və təsnifləri onun ifasında qrammofon valına yazılır.
Qasım Abdullayev Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra incəsənət sahəsində çalışır. Musiqi mədəniyyətimizin inkişafına töhfələr verir. Xanəndə nədənsə Bakı şəhərində çox qalmır. Bir müddət sonra doğma Şuşaya qayıdır. Şəhərdəki musiqi məktəbində muğam sənətinin sirlərini yeni nəsillərə öyrədir.
Ustad sənətkar 1927-ci ildə, 54 yaşında vəfat edib. Bu vaxtsız itkidən Cabbar Qaryağdıoğlu bərk təsirlənir və “Mən Qasımın ölümünə yox, “Zabul”un ölümünə ağlayıram. Qasım ölmədi, “Zabul” öldü”, – deyir. Zabul Qasımı daha yaxşı tanıyan muğam ustadı Seyid Şuşinski isə onu “böyük xanəndə” kimi səciyyələndirib: “Bu adam incəsənət üçün yaranmışdı. O, həmişə tarzən Məşədi Zeynalla oxuyardı. Qasım elə bil “Zabul” muğamı ilə əkiz yaranmışdı”.
İnanırıq ki, Qasım Abdullayevin sənətdə qoyduğu dərin iz onu əbədi yaşadacaq.
Savalan Fərəcov