Bu il Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) isə 60 illiyidir. Bu münasibətlə AKİ klassik Azərbaycan filmlərinin böyük ekranda nümayişinə başlayıb.
Fevralın 14-də ilk olaraq paytaxtdakı “Azərbaycan” kinoteatrında (“CinemaPlus Azerbaijan”) “Gün keçdi” filmi nümayiş olunub.
“Gün keçdi” filmi 1971-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Yazıçı Anarın ssenarisi (müəllifin 1967-ci ildə dərc olunmuş “Gürcü familiyası” hekayəsi üzrə) əsasında çəkilən filmə rejissor Arif Babayev quruluş verib.
Filmin operatoru Rasim İsmayılov, rəssamı Elbəy Rzaquliyev, bəstəkarı Emin Sabitoğludur. Mahnıların mətni Vaqif Səmədoğluna məxsusdur. Baş rolları Həsən Məmmədov (Oqtay) və Leyla Şıxlinskaya (Əsmər) oynayıblar.