Ədəbi dil ümumxalq dilinin ən yüksək mərhələsidir. Bu dil cilalanmış, normaya salınmış, qayda-qanunları özündə sabitləşdirmiş, formalaşmış dildir. Bəs bu gün incəsənət, xüsusilə də kino sahəsində ədəbi dilin normalarına hansı səviyyədə əməl olunur? Bu sualım səbəbsiz deyil. Çünki son vaxtlar bir çox tamaşaçılar, eləcə də mütəxəssislər yeni çəkilən filmlərin, serialların dilindən gileylənirlər. Mən də hərdən ekran əsərlərində vulqar sözlərə rast gəlir, kasad, sönük dialoqlara şahid oluram.

Məlum olduğu kimi, bu il Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyidir. Milli kinomuz zəngin inkişaf yolu keçib. Kino salnaməmizi nəzərdən keçirəndə bu zənginliyi yaradanların hər baxımdan fədakarlığını görürük. Rejissor, ssenari müəllifi, operator, fotoqraf, işıqçı, qrim ustası və təbii ki, aktyorlar... Bir də kinonun dilinin qeydinə qalan redaktorlar. Etiraf edək ki, Azərbaycan kinosunun dilinin zənginliyi, səliqə-sahmanı, saflığı klassik filmlərimizdə daha çox hiss olunur. Necə deyərlər, görünən dağa nə bələdçi. Amma son illərdə çəkilmiş bir çox filmlərin dili ilə bağlı bunu deyə bilmirik. Düzü, heç özüm də bilmirəm ki, bugünkü rejissorları qınamaqda haqlıyam, ya yox? Amma istənilən halda əgər tamaşaçılar belə janrından asılı olmayaraq filmlərdə hansısa dialektin, şivənin bol odluğunu dilə gətirirsə, deməli, bu barədə düşünməyə dəyər.

Xatırlayıram, orta məktəb illərində müəllimlərimiz şagirdlərə ədəbi dilə əməl etməyin zəruriliyini vurğulayırdılar. Məktəbimizdə müxtəlif bölgələrdən gəlmiş müəllimlər dərs desələr də, onların nitqində çox nadir hallarda şivə elementləri eşidə bilərdik...

Təbii ki, filmlərdə bütün obrazların üslubu eyni cür ola bilməz; müəllimlə satıcının nitqində fərqlər olmalıdır. Ancaq hansısa filmdə təsvir edilən bir ailədə olan 4-5 nəfərin fərqli şivələrlə danışması artıq problemdir. Bir sıra məşhur filmlərimizdə, o cümlədən “Böyük dayaq”, “Ad günü”, “Yol əhvalatı”, “Bəxt üzüyü”, “Bir cənub şəhərində” və s. müəyyən epizodlarda ləhcələrə rast gəlinir. Burada da hansısa bölgənin insanının xarakterini açmaq üçün şivə elementlərindən istifadə edilib. Ancaq bu, həmin filmə xüsusi kolorit qatıb...

 

Personaj ədəbi dil normalarına uyğun danışmalıdır

 

Mövzu ilə bağlı vaxtilə “Azərbaycanfilm” kinostudiyasında ssenari-redaksiya heyətinin üzvü (1969-1974) kimi çalışmış Əməkdar incəsənət xadimi İntiqam Qasımzadənin fikirlərini öyrəndim. Müsahibim deyir ki, filmin səviyyəsi təkcə kinematoqrafik anlamla ölçülmür. Əsas şərt operator, rejissor, rəssam işi olsa da, ədəbiyyatın da rolu var: “Mən kinostudiyada işlədiyim dövrü Azərbaycan kinosunun intibah dövrü adlandırırlar. O zaman ədəbiyyat da buxovlardan azad olmağa başlamışdı. Kinonun, teatrın əsas qaynağı ədəbiyyat idi. Həm də sözlə işləyən insanların birgə məhsulu ortaya çıxırdı. İndi isə bu sahədə ədəbi materialdan istifadə azalıb. Əgər ədəbi-bədii dil yoxdursa, o zaman bu məsələnin haradan qaynaqlandığının axtarışına çıxmağa ehtiyac qalmır. İstər kinoda, istərsə də teatrda hər personaj öz dilində və təbii ki, ədəbi dil qaydalarına uyğun danışmalıdır. Bunu isə həll edən yazıçıdır. “Dəli Kür” filmini, “Bir cənub şəhərində”ni xatırlayaq. Hərəsinin öz dili var. Məsələn, biz “Bir cənub şəhərində” filmində jurnalist xanımla Cahangirin dialoqlarına və Muradın dostları ilə dialoqlarına nəzər salaq. Obrazları canlı, öz dilində danışdırmaq lazımdır. Bu canlılıq mədəniyyətə, ədəbiyyata istinadla olmalıdır. Ümumiyyətlə isə, müasir kinomuzun və serialların dili böyük təəssüf doğurur. Həmin dövrdə kinoda Anar, Yusif Səmədoğlu, İsmayıl Şıxlı, Elçin kimi yazıçılarımız vardı. Uzun illər kinostudiyada redaksiya heyətinə İsa Hüseynov və Yusif Səmədoğlu rəhbərlik edib. Siz “Qətl günü” filmindəki dialoqlarda Yusif Səmədoğlunun dilinə nəzər salsanız, əlavə şərhə ehtiyac qalmayacaq. Yəni redaktəyə nəzarət edənlərin gücündən, biliyindən asılıdır bu iş. Bu gün isə rejissor və ssenaristlər özləri yazır, özləri də çəkirlər. Ona görə də kinomuzda dil, dialoq problemi yaranıb”.

 

Problem həm də redaktor işinin olmamağı ilə bağlıdır

 

Bir müddət “Azərbaycanfilm”də baş redaktor işləmiş yazıçı, ssenarist, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu deyir ki, kinomuzun dilinin son dövrdə səviyyə baxımdan aşağı düşməsinin əsas səbəbi cəmiyyətdə akademik dilə münasibətin dəyişməsi, kinoda redaktor işinin olmamağıdır: “Vulqar sözlərin mədəni sahələrdə təbliğinə rast gəlirik. Modernist dilin də çərçivəsi olmalıdır. Ədəbi dilimiz mətbuatda, ədəbiyyatda qorunmadığı üçün bu hal artıq kinoya da təsirsiz ötüşməyib. Bir də dil institutlarının özlərinin də bu işdə qəbahəti az deyil. Bu gün qeyri-peşəkar ssenaristlərin kinoya gəlməsi də bu mənzərənin yaranmasına səbəb olub. Vaxtilə görkəmli aktyorlarımız özləri o qədər savadlı və peşəkar idilər ki, ssenaridə, dialoqlardakı jarqon sözləri belə rejissorun, ssenaristin xəbəri olmadan incəliklə cilalayıb təqdim etməyi bacarırdılar”.

 

“Rejissor və ssenaristlər dilimizdə olan ədəbiyyatı çox oxusunlar”

 

Şair, dramaturq İlqar Fəhmi isə məsələyə bir qədər fərqli yanaşır. Bildirir ki, son dövrdə təkcə Azərbaycanda deyil, bütün dünyada kino dilinin maksimum şəkildə danışıq dilinə yaxınlaşdırılması prosesi gedir. Bu, müəyyən mənada kinonun daha doğma və xəlqi qəbul edilməsində müsbət hal kimi qiymətləndirilə bilər: “Amma burada çox incə bir detal var. Kino sadəcə reallığı əks etdirməklə yaradılan sənət əsəri deyil. Kino həm də milyonlarla insanın zövqünü, estetikasını formalaşdıran sənət nümunəsidir. Düşünürəm ki, yaradıcı insanlar mən daha cəsarətli görünüm deyə dil vasitəsilə yarışa çıxmalı deyillər. Kim daha çılpaq dil nümayiş etdirirsə, o daha təbii və yaxşı aktyordur kimi qəbul edilməməlidir. Yəni sənətin heç bir sahəsində, xüsusən də dildə ifrata getmək düzgün deyil. Son dövrlərdə müəyyən platformalarda bəzən açıq-saçıq səhnələri və qeyri-etik ifadələrin çox olduğu filmlər nümayiş etdirilir. Hiss edirsən ki, dialoqlar, cümlə quruluşları ədəbi dilin qaydalarına cavab vermir. Bəzi yeni lentə alınan filmlərimizin tamaşaçılar tərəfindən bəyənilməməyinin bir səbəbi də məhz elə dildəki pozuntular, qeyri-təbiilikdir. Rejissor və ssenaristlər Azərbaycan dilində çoxlu ədəbiyyat oxusalar, filmlərin də dili səlisləşər, zəngin olar”.

 

***

 

Ümummilli lider Heydər Əliyev mədəniyyət, ədəbiyyat və incəsənətlə bağlı çıxışlarında hər zaman Azərbaycan dilinin saflığının qorunub saxlanılmasına xüsusi diqqət ayırardı. Bu  siyasəti davam etdirən Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanılmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu nəzərə çatdıraraq deyib: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.

Dövlət başçısı tərəfindən 2013-cü il aprelin 9-da imzalanan sərəncamla “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq olunub. Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur mənbəyidir.

Əgər kino incəsənət sahəsində həm də  vacib təbliğat vasitəsi hesab edilirsə, ana dilimizin təbliğində, yayılmasında da onun imkanlarından istifadə etməliyik.

Bəxtiyar Vahabzadənin “Ana dili” şeirində deyildiyi kimi,

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir…onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək...

Lalə Azəri