“Azərbaycanfilm” Gürcüstanın Xalq artistini yubileyi münasibətilə təltif edib
Tbilisidə Ş.Rustaveli adına Milli Teatrda Gürcüstanın Xalq artisti, “Əhməd haradadır?” filmində Ceyran rolunun ifaçısı kimi Azərbaycan kinosevərlərinə də yaxşı tanış olan Nona Paçuaşvilinin 80 illik yubileyi münasibətilə tədbir keçirilib.
Gürcüstanın tanınmış teatr və mədəniyyət xadimlərinin iştirak etdiyi yubiley axşamı ölkənin Mədəniyyət, İdman və Gənclər Nazirliyi və Tbilisi Meriyasının dəstəyi ilə gerçəkləşib.
Tədbirdə aktrisanın həyat və yaradıcılıq yoluna nəzər salınıb. Yubilyara həsr olunan “Mən və mənim 88 əksim” adlı sənədli filmin premyerası da gerçəkləşib. Gürcüstanın Birinci kanalının istehsal etdiyi ekran işində “Əhməd haradadır?” (1963) filmindən fraqmentlər də yer alıb, N.Paçuaşvili Azərbaycan kinosunda çəkilməsinin tarixçəsindən danışıb.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası da aktrisanı yubileyi münasibətilə fəxri fərmanla təltif edib. Fəxri fərmanda 2023-cü ilin kinostudiyanın 100, “Əhməd haradadır?” filminin 60 və N.Paçuaşvilinin 80 illik yubileyi ilə əlamətdar olduğu qeyd edilib. Bildirilib ki, bu Azərbaycan filmində aktrisanın yaratdığı Ceyran obrazı çoxsaylı tamaşaçıların gözlərində şən, gülərüz və mehriban qız kimi qalacaq. Aktrisanın Azərbaycan kinosundakı fəaliyyəti həmçinin iki xalqın mədəniyyəti arasında körpü kimi də dəyərləndirilib.
Fəxri fərman yubilyara Azərbaycanın Gürcüstandakı Səfirliyi vasitəsilə təqdim edilib.
N.Paçuaşvili “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyinə və kollektivinə ona göstərdiyi diqqətə görə məmnunluğunu bildirib.