AKİ-nin dublyaj seksiyası yaradılacaq
Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) dublyaj sahəsindəki problemlərlə bağlı müzakirə keçirilib.
AKİ-dən bildirilib ki, son dövrdə mətbuatda da işıqlandırılan problemlərin müzakirəsi zamanı bu sahədəki vəziyyət geniş təhlil edilib. Bildirilib ki, dublyaj sahəsində peşəkarlığın artması və keyfiyyət dəyişikliyi var, xüsusilə səs rejissorlarının işlərində irəliləyişlər əldə olunub. Ancaq bununla yanaşı, görüləcək işlər də çoxdur. O cümlədən tərcümə müəlliflərinin və dublyaj aktyorlarının qonorarlarının artırılması arzuediləndir.
Tədbir iştirakçıları bildiriblər ki, dublyaj, texniki və sənət məsələsi olmaqla yanaşı, eyni zamanda Azərbaycan dilinin inkişafı məsələsidir. Bu baxımdan da xüsusi həssaslıq və diqqət tələb edir.
Müzakirədə dublyaj aktyorlarının, rejissorlarının və prodüserlərinin sosial qayğılarının həllinə də toxunulub.
AKİ-nin katibi, rejissor Əli İsa Cabbarov qeyd edib ki, ittifaqın illik mükafatlarında dublyaj fəallarının da mükafatlandırılması nəzərdə tutulmalıdır. Azərbaycan Kinematoqrafçılar İttifaqında dublyaj seksiyasının yaradılması da müzakirə edilib.