O, həyatının mənasını kinoda tapmışdı. Filmlərə çəkilməklə, ekranın görünən tərəfində olmaqla kifayətlənmir, onun hər əziyyətinə qatlanırdı. Rejissor assistenti, II rejissor, film direktoru, mühəndis, inzibatçı kimi də titrlərdə görünürdü. 69 illik ömrünün 39 ilini kinoya həsr etmişdi...

Bahadur Atabala oğlu Əliyev 1933-cü il fevralın 24-də Masallı rayonunun Sığıncaq kəndində dünyaya göz açmışdı. Uşaqlıqdan özünəməxsus keyfiyyətləri olduğunu duymuş, gələcək həyat yolunu da özü təyin etmişdi: aktyor olacaqdı.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) Kino və dram aktyorluğu fakültəsinə daxil olur. İnstitut həyatı, görkəmli sənətkarlardan aktyorluq sənətinin sirlərinə yiyələnməsi, kurs tamaşalarında rol alması onu daha da həvəsləndirir. 1956-cı ildə institutu bitirir və “Bakı” kinostudiyasına (indi “Azərbaycanfilm”) göndərilir, rejissor assistenti vəzifəsinə işə qəbul edilir. 1957−1959-cu illərdə ekranlaşdırılan “Kölgələr sürünür”, “Bir məhəllədən iki nəfər”, “Onun böyük ürəyi” və “Onu bağışlamaq olarmı?” filmlərində epizodik rollarda çıxış edir. Kiçik, bəzən heç adı olmayan, kütləvi səhnələrdə görünsə də, böyük arzularla yaşayır, yeni filmlərin, qəhrəmanların xəyallarını qururdu.

Amma arzular bu dəfə yarı yolda qalır. Böyük həvəslə işlədiyi bir vaxtda – 1959-cu ildə “kinostudiyada işin həcmi azaldığına görə” işdən azad olunur. Amma sənətdən soyumur, Bakıdakı fiziki məhdudiyyətli (lal-karlar) insanlar üçün ixtisaslaşan mədəniyyət evinə bədii rəhbər vəzifəsinə işə düzəlir. Kinostudiya ilə də əlaqəsini kəsmir. Bu müddətdə “Əsl dost” filmində Fərmanın köməkçisi, balıqçı, “Qəribə əhvalat”da milis işçisi rollarını ifa edir.

1961-ci ildə yenidən “Azərbaycanfilm”ə qayıdan aktyor bu dəfə korrektor ştatına götürülür. Aktyor kimi “Telefonçu qız”, “Əmək və qızılgül”, “Romeo mənim qonşumdur” filmlərinə çəkilir, “Böyük dayaq”da komsomolçu, “Möcüzələr adası”nda neftçi, “Sehrli xalat”da xanın əsgəri rollarında çıxış edir.

Geniş tamaşaçı auditoriyası onu daha çox “Ulduz” filmindən (1964) tanıyır. Bəstəkar Süleyman Ələsgərovun eyniadlı operettasının motivləri əsasında çəkilmiş ekran əsərinin sevilən qəhrəmanlarından biri də kolxoz sədri Qədirdir. Böyük tamaşaçı rəğbəti qazanmış filmdə Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Bəşir Səfəroğlu, Siyavuş Aslan kimi sənətkarlar rol alıblar. “Ulduz”un ulduzları sırasında Bahadur Əliyev də öz parlaqlığı ilə seçilə bildi.

“Ulduz”da parlayan Bahadur Əliyev bu dəfə də umduğunu – yeni filmlərdə əsas rolları deyil, tam əksini bulur. 1965-ci ildə böyük inzibatçı vəzifəsinə keçirilir. Yenə də ruhdan düşmür, epizodik rollarla kifayətlənməli olduğunu anlayır. “Dağlarda döyüş”, “Uşaqlığın son gecəsi”, “Yenilməz batalyon” bədii, “Yun şal” bədii televiziya filmlərində çəkilir. “İstintaq davam edir” filmində kapitan Əliyev, “İyirmialtılar” tarixi-inqilabi filmində gənc fəhlə...

1968-ci ildən kinostudiyanın dublyaj qrupu direktorunun müavini vəzifəsinə təyin olunur və 1973-cü ilə kimi bu işdə çalışır. Xarici və sovet filmlərinin Azərbaycan dilində səsləndirilməsində aktyor kimi iştirak edir, inzibatçı kimi dublyaj işini təşkil edir. Bu dövrdə ekranlaşdırılan “Axırıncı aşırım”, “Bizim küçənin oğlanları”, “Həyat bizi sınayır”, “O qızı tapın” və s. kinolentlərdə yenə epizodlarda görünür.

Nəhayət, 1973-cü ildə kinoaktyor ştatına keçirilir. Ali kateqoriyalı kinoaktyor vəzifəsində təqaüdə çıxana kimi – 1995-ci ilə qədər çalışan Bahadur Əliyevi “Babək”, “Dərviş Parisi partladır”, “Evlənmək istəyirəm”, “Özgə ömür” filmlərində də görürük. Bu rollar yenə epizodik olsa da, hər birini böyük həvəslə, baş qəhrəman şövqü ilə oynayıb. Çünki o özünü bütünlüklə kino sənətinə həsr etmiş, həyatının mənasını bu sənətdə tapmışdı... 2002-ci ilin 16 sentyabrınadək, yəni son rolunu dublsuz ifa edənədək də belə yaşadı...

Həmidə