“Kinematoqrafçının kitabxanası” seriyasından
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) İdarə heyətinin üzvü, sənətşünas, ssenarist Nadir Bədəlovun “Kino gözlə söz arasında” kitabı işıq üzü görüb.
AKİ-nin maliyyə dəstəyi ilə “Kinematoqrafçının kitabxanası” seriyasından nəşr edilən kitab 3 hissədən ibarətdir: “Filmin dramaturgiyası”, “Filmin estetikası”, “Filmlərə baxış”.
İlk bölümdə söz və sözün izahı, dramaturgiya və filmdə dramaturgiyanın rolu, mimesis – təqlid gerçəkliyin əksi kimi, realizm, Hegel – dünyanın dramaturji qəlibi kimi, Aristotel təlimi və s. məqamlara toxunulub.
İkinci bölümdə filmin estetikasında həlledici olan rejissorluq haqqında bəhs edilir.
“Filmlərə baxış” bölümündə Azərbaycan kinoklassiklərindən Rüstəm İbrahimbəyovun, Həsən Seyidbəylinin filmləri, müasir rejissorlardan Emil Quliyevin “Pərdə” trilogiyası, dünya klassikasından Roman Polanski və Nuri Bilgə Ceylanın filmləri fərqli rakursdan təhlil edilir.
Kitabı xüsusilə gənc kinodramaturqlar üçün maraqlı edən cəhət dünyada ən populyar ssenari ustadları – Con Trubi, Sid Fild, Kristofer Voqler və Robert Makkinin müəllifi olduğu təlimlərdən ətraflı söz açılmasıdır.
“Kino gözlə söz arasında” kitabının layihə rəhbəri AKİ-nin katibi, rejissor Əli İsa Cabbarov, redaktoru Məqsəd Nur, rəssamı Sevinc Quliyevadır.