Retrospektiv baxış

 

2023-cü ildə Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi tamam olur.

Hər iki əlamətdar yubiley münasibətilə Dövlət Film Fondunda “Azərbaycan sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxışlar təşkil olunacaq. Fonddan verilən məlumata görə, ilk retrospektiv baxış martın 3-də keçiriləcək.

Həmin gün Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Bədəlovun (1909-1997) “150 il. Mirzə Fətəli Axundov” (1962), “Dağlarda ada” (1971; Quba rayonunun Xınalıq kəndi haqqında) və “Estafet” (1982; 1941-1945-ci illər müharibəsi qəhrəmanlarının övladlarının həyat yolu haqqında) sənədli filmləri nümayiş olunacaq.