Bu il görkəmli teatr və kino aktrisası, Xalq artisti Sofiya Bəsirzadənin (1918-2000) anadan olmasının 105 illiyidir. Bu münasibətlə aktrisanın ömür və sənət yolunun bəzi maraqlı məqamlarını oxuculara təqdim edirik.
Sofiya (Sofa) Bəşir qızı Bəsirzadə 1918-ci il fevralın 28-də Kazan quberniyasının Çukan kəndində anadan olub. İki yaşı olanda ailəsi Bakıya köçür, Sofiya paytaxtdakı 3 saylı beynəlmiləl məktəbdə ibtidai təhsil alır. Sonra təhsilini 134 saylı orta məktəbdə davam etdirir.
Səhnə sənətinə maraq göstərən Sofiya yuxarı siniflərdə oxuyanda dram dərnəyinə yazılır. 1936-cı ildə M.F.Axundzadə adına Bakı Teatr Məktəbinə qəbul olunur. Akademik Dram Teatrının tamaşalarında kütləvi səhnələrdə, epizodik rollarda çıxış edir. İstedadı yüksək dəyərləndirilən gənc Sofiya teatrın aktyor truppasına qəbul olunur, rəngarəng obrazlar qalereyası yaradır.
Ömrünün son illərində Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərən aktrisa 1955-ci ildə “Əməkdar artist”, 1974-cü ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
Əmisi Türkiyəyə getməsəydi...
Aktrisanın əsl soyadı Vəzirovadır. Atasının nəsil şəcərəsinə görə səhnəyə ilk addımlarından tamaşaçılar arasında “Bəsirzadə” kimi tanınıb. Bəzi proqram və afişalarda adı “Sofa” kimi də yazılıb. Teatr kollektivində də ona “Sofa xanım” deyə müraciət edilib. Bu baradə aktrisa deyərmiş ki, əmisi o vaxt Türkiyəyə səyahəti zamanı İstanbulda Ayasofya məbədini də ziyarət edib və dünyaya gələn qardaşı qızına “Sofiya” adının verilməsini arzulayıb.
Hər səhnə əsərində rolu görünürdü...
Görkəmli rejissor Tofiq Kazımov həmişə ona deyirmiş ki, Sofa xanım, hansı əsəri səhnəyə qoymaq istəyirəmsə, orda sənin üçün rol görürəm. T.Kazımov, demək olar ki, bütün tamaşalarında ona rol verib. Aktrisa da, epizodik rol olsa belə, yenə onu yaddaqalan oynayıb. S.Bəsirzadə teatra yeni gəldiyi vaxtda İslam Səfərlinin “Göz həkimi” pyesinin tamaşasında ona İradə rolu tapşırılır. O, obrazı çox yüksək səviyyədə canlandırır və bu rolundakı müvəffəqiyyətinə görə “Əməkdar artist” fəxri adına layiq görülür.
Maraqlı, özünəməxsus jestləri olan aktrisa rejissorun verdiyi mizana mütləq yaradıcı əlavələr edib. Sənətə yeni gələn gənclər ondan nümunə götürüblər.
Ümumilikdə 100-dən çox tamaşada müxtəlif obrazların ifaçısı kimi tanınan Sofiya Bəsirzadənin sənəti tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Aktrisanın oynadığı Nisə xanım (“Lənkəran xanının vəziri” – M.F.Axundzadə), Sevər, Gülgün, Gülsabah, Gülnisə (“Oqtay Eloğlu”, “Od gəlini”, “Yaşar”, “Solğun çiçəklər” – C.Cabbarlı), Nina, Rübabə (“Şeyx Sənan”, “Səyavuş” – H.Cavid), Tərlan xanım (“Yalan” – S.Rəhman), Qlumova (“Müdriklər” – A.Ostrovski), Anna Dmitriyevna (“Canlı meyit” – L.Tolstoy), Səadət xanım (“Unuda bilmirəm” – İ.Əfəndiyev), Nihal (“Qəribə adam” – N.Hikmət), Aliyə (“Təhminə və Zaur” – Anar), Mariya Antonovna (“Müfəttiş” – N.Qoqol) və digər rollar ifadə vasitələrinin zənginliyi ilə diqqəti cəlb edib.
“Yeni horizont”dan başlanan ekran yolu
Kinoda ilk dəfə görkəmli kinorejissor Ağarza Quliyevin (Qriqori Braginski ilə birgə) quruluş verdiyi “Yeni horizont” (1940) filmində Validə rolu olub. Film Bakı neftçilərinin həyatından, onların yeni neft yataqları kəşf etmələrindən bəhs edir. Filmdəki kəskin konflikt elm aləmində cürətli yenilikçi fikri ilə köhnəliyin qalıqları olan ətalət, mühafizəkarlıq və ehkamçılığın təzadları üzərində qurulub. Aktrisa daha sonra “Qara daşlar” (1956) filminində Lalə, “Şərikli çörək”də (1969) Roza, “Var olun, qızlar!”da (1972) Səkinə xanım, “Dədə Qorqud”da (1975) dayə, “Mən nəğmə qoşuram” filmində (1979) Abdullanın yoldaşı, “Yol əhvalatı”nda (1980) Sona nənə və başqa yaddaqalan rollar yaradıb.
Yeni ilin 4-cü günü...
Bir gün aktrisa mədəsində ağrılar hiss edir. Oğlanları tez təcili yardım çağırırlar. Həkim aktrisanın vəziyyətinin ağır olduğunu, çox yaşamayacağını söyləyir və məsləhət görür ki, o, sanatoriyada dincəlsin. Həkimin tövsiyəsi yerinə yetirilir. Bir müddət sonra aktrisanın səhhəti ağırlaşır. 1999-cu il dekabrın 31-də aktrisa övladlarını başına yığır, onların kədərlənməməsi üçün deyib-gülür. Hətta zarafatla “Bir gün gələn bir gün getməlidir”, – deyə ailədə öncədən psixoloji hazırlıq da aparır...
Aktrisa 2000-ci il yanvarın 4-də Bakıda gözlərini əbədi yumur. Onun Fəхri xiyabanda dəfn edilməsi üçün yer ayrılsa da, öz vəsiyyətinə uyğun olaraq, erkən dünyadan köçən həyat yoldaşının məzarı yanında dəfn edilir.
Hazırladı: N.Məmmədli