Adına layiq mükafat çələngi – yeddi “Oskar”

 

Amerika Kino Akademiyasının 2023-cü il “Oskar” mükafatına namizədlər siyahısında favorit olan “Hər şey hər yerdə və eyni anda” (“Everything everywhere all at once”) filmi proqnozları doğruldub və üst-üstə yeddi heykəlcik qazanıb.

Los-Ancelesdəki “Dolby” teatrında keçirilən “Oskar” gecəsi (13 mart) ssenari müəllifləri və rejissorlar Den Kvan və Daniel Şaynert olan ekran əsərinin yaradıcı heyəti üçün əsl benefis olub.

“Hər şey hər yerdə və eyni anda” elmi-fantastik komediyası 95-ci “Oskar” mərasimində əsas mükafat – “Ən yaxşı film” nominasiyası ilə bərabər “Ən yaxşı rejissor işi”, “Ən yaxşı orijinal ssenari”, “Ən yaxşı montaj” nominasiyalarında da qalib seçilib. Bundan əlavə, filmdə baş rolun ifaçısı Mişel Yeo “Ən yaxşı aktrisa” nominasiyasında, Ceymi Li Körtis və Ke Hyui Kvan isə ən yaxşı ikinci plan aktrisası və aktyoru kimi mükafata layiq görülüblər.

Beləliklə, ekran əsəri 2009-cu ildə səkkiz heykəlcik qazanan “Gecəqondu milyonçusu”ndan sonra ən çox “Oskar” çələngi toplayan film olub. Filmdə paralel kainatlarda qadının şərlə mübarizəsindən bəhs olunur. Xatırladaq ki, “Hər şey hər yerdə və eyni anda” filmi ümumilikdə 11 nominasiya üzrə mükafata iddialı idi. Absurd komediya, elmi fantastika, Şərq döyüş sənəti, fantaziya və cizgi filmi elementlərinin bir araya gəldiyi film camaşırxanada çalışan və vergi müfəttişliyinə gedərkən paralel dünyalar arasında səyahət edə bildiyini aşkarlayan çinli mühacir qadının həyatından bəhs edir.

2023-cü il “Oskar” gecəsində “Ən yaxşı film” nominasiyasına iddialılar arasında Stiven Spilberqin “Fabelmanlar” (2022), Ceyms Kameronun “Avatar: suyun yolu”, Sara Pollinin “Qadınlar danışır”, Martin Makdonaxın “İnişerinin ölüm pərisi”, Baz Lurmanın “Elvis”, Todd Fildin “Tar”, Cozef Kosinskinin “Top Qan: Meverik” və Ruben Estlundun “Qəm üçbucağı” filmləri də vardı. Onlardan yalnız Ceyms Kameronun filmi “ən yaxşı vizual effektlər” kateqoriyasında “Oskar”a layiq görülüb.

95-ci “Oskar” gecəsində özündən söz etdirən ikinci ekran əsəri isə “Qərb cəbhəsində dəyişiklik yoxdur” (Almaniya) filmi olub. Erix Maria Remarkın məşhur romanı əsasında çəkilən film ümumilikdə 9 nominasiya üzrə “Oskar”a namizəd idi və dörd heykəlcik qazanıb: “Ən yaxşı xarici bədii film” (ingilis dilində olmayan), “Ən yaxşı operator işi”, “Ən yaxşı orijinal saundtrek” və “Ən yaxşı quruluşçu rejissor işi”. Alman rejissor Edvard Bergerin müharibə əleyhinə filmi bundan öncə Britaniya Kino və Televiziya Sənəti Akademiyası – BAFTA-nın “Ən yaxşı film” nominasiyası üzrə mükafatını almışdı.

Digər nominasiyalardan “Ən yaxşı aktyor” adını Brendan Freyzer (Darren Aronofskinin “Kit” filmi), “Ən yaxşı animasiya filmi” mükafatını Hilyermo Del Toro və Mark Qustafsonun “Pinokkio”su mükafat qazanıb.

Budəfəki “Oskar” mərasimi də siyasi çalarsız ötüşməyib. “Ən yaxşı sənədli film” nominasiyasında kanadalı rejissor Daniel Roerin rusiyalı müxalif məhbus (2021-ci ildən  həbsdədir) Aleksey Navalnı haqqında filmi mükafat qazanıb. Təqdimatda onun ABŞ-da olan ailə üzvləri də səhnəyə çıxıblar. “HBO Max” və “CNN Films”in sifarişi ilə çəkilən “Navalnı” filminin mükafat qazanması isə ən çox Ukraynada narazılıq doğurub.

Xatırladaq ki, bir qədər əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskinin “Oskar” mərasiminə videoformartla qoşulub dünyaya müraciət etmək istəyinə təşkilatçılar siyasətdən kənar olduqlarını bildirərək razılıq verməmişdilər. Ukrayna Prezidenti Ofisinin müşaviri Mixail Podolyak qeyd edib ki, “Oskar” siyasətdən kənardırsa və Ukraynadakı müharibədən uzaqdırsa, Rusiyanın daxili siyasətindən bəhs edən “Navalnı” sənədli filminin təltif edilməsini necə başa düşmək olar...

V.Kamal