Rusiyanın Sankt-Peterburq şəhərində “Çinar” vokal-xoreoqrafik rəqs ansamblının 25 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
“Çinar” Mədəniyyət Mərkəzinin nəzdindəki eyniadlı vokal-xoreoqrafik rəqs ansamblı Sankt-Peterburq Dövlət Universitetinin baş müəllimi Xeyransa Mirzəyevanın təşəbbüsü və rəhbərliyi ilə yaradılıb. 1998-ci ildən fəaliyyətə başlayan ansambl təkcə Sankt-Peterburqda deyil, Rusiyada və Rusiya hüdudlarından kənarda Azərbaycan musiqisinin və incəsənətinin fəal təbliğatçısı kimi tanınır.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə Sankt-Peterburq şəhəri Millətlərarası münasibətlər və miqrasiya siyasətinin həyata keçirilməsi üzrə Komitənin nümayəndəsi Andrey Frolov, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun humanitar məsələlər üzrə konsulu Rəhim Rəhimzadə, yerli hakimiyyət orqanlarının, Azərbaycan diasporunun nümayəndələri və müxtəlif icmaların mədəniyyət qurumlarının rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər “Çinar” ansamblının bədii rəhbəri Xeyransa Mirzəyevanı və yaradıcı kollektivi yubiley münasibətilə təbrik ediblər. Sonra ansamblın ifasında konsert proqramı təqdim olunub.
Tədbir çərçivəsində Azərbaycanın zəngin mədəniyyətini və adət-ənənələrini əks etdirən sərgi təşkil edilib. Qonaqlara xalçatoxuma dəzgahında ilmələrin atılması, Novruz şirniyyatlarının bəzədilməsi qaydaları nümayiş etdirilib.