Aprelin 17-də Azərbaycanın görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Lütfiyar İmanovun (1928-2008) anadan olmasının 95-ci ildönümü tamam olacaq.
Lütfiyar İmanov uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, teatrın səhnəsində bir çox opera tamaşalarında yaddaqalan obrazlar yaradıb. Müğənninin yaradıcılığında Üzeyir Hacıbəylinin “Koroğlu” operası xüsusi yer tutur. Sənətkar operada baş qəhrəmanı özünəməxsus ifa tərzi ilə oynayaraq hər zaman tamaşaçı rəğbəti qazanıb.
Teatrda “Koroğlu” operasının aprelin 1-də keçiriləcək tamaşası Lütfiyar İmanovun 95 illik yubileyinə həsr edilib. Koroğlu partiyasını Xalq artisti Samir Cəfərov, Nigar rolunu Əməkdar artist İlahə Əfəndiyeva ifa edəcəklər. Opera tamaşasında həmçinin Əməkdar artistlər Cahangir Qurbanov (Həsən xan), Tural Ağasıyev (Həmzə bəy), gənc solistlərdən Mahir Tağızadə, Fəhmin Əhmədli, Taleh Yəhyayev, Aytən Məhərrəmova və başqaları çıxış edəcəklər.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.