Aprelin 18-də Beynəlxalq Muğam Mərkəzində “BakuOperArt” layihəsi çərçivəsində böyük rus bəstəkarı Sergey Raxmaninovun kamera-vokal lirikası axşamı keçiriləcək. Qeyd edək ki, bu il bəstəkarın anadan olmasının 150 illiyi geniş qeyd olunur.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildiriblər ki, “Mən peyğəmbər deyiləm...” adlı musiqi layihəsinin rəhbəri pianoçu Yuliya Kərimova digər sənətçilər – Əməkdar artistləri Fəridə Məmmədova (soprano), İlham Nəzərov (kontratenor) və Mahir Tağızadə ilə (bariton) bərabər Sergey Raxmaninovun poeziya və musiqinin ahəngində ruhun səmimiliyinə çevrilən böyük bədii dünyası barədə öz təsəvvürlərini dinləyicilərə təqdim edəcəklər.