Kanadanın Toronto şəhərində yerləşən “Meridian Arts Center” mərkəzindəki Qrinvin teatrında Azərbaycanın bəstəkarlıq məktəbinin və milli operasının banisi Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” operettası ilk dəfə təqdim olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Təbriz” musiqi və rəqs ansamblının təşkilatçılığı ilə ərsəyə gələn konsert-tamaşanın premyerasında Azərbaycan icmasını və müxtəlif millətləri təmsil edən 300-dən çox izləyici iştirak edib.
“Təbriz” ansamblının solistlərinin, rəqqas və musiqiçilərinin nümayiş etdirdikləri peşəkar performans tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Rolları Arəş Yəhyapur (Əsgər), Kristina Rəhimova (Gülçöhrə), Rövşən Tağıyev (Süleyman), Nəsrin Əttari (Asya), Əsgər Yəhyapur (Soltan bəy), Nəcibə Fərşi (Cahan xala), Röya Şəmsazər (Telli), Səid Şirazi (Vəli) və ansamblın digər üzvləri ifa ediblər.
Üzeyir Hacıbəylinin ölməz əsərinin Kanadada səhnələşdirilməsi ideyasının müəllifləri “Təbriz” ansamblının prodakşn meneceri Şervin Şahadpur və musiqi rəhbəri Polad Kaşefdir. Tamaşadan sonra onlar bildiriblər ki, Üzeyir dühasının Azərbaycan musiqisinə bəxş etdiyi operettanın Toronto səhnəsində nümayişi hər bir soydaşımıza böyük qürur hissi yaşadıb. Nəzərə çatdırılıb ki, kollektiv “Arşın mal alan” operettasını Kanadanın digər böyük şəhərlərində nümayiş etdirməyə hazırlaşır.
Xatırladaq ki, 20 ilə yaxındır Toronto şəhərində fəaliyyət göstərən “Təbriz” ansamblı Kanadada Azərbaycanın mədəniyyətini və incəsənətini uğurla təbliğ edir.