Ştutqartda azərbaycanlı bəstəkarın konserti

 

Almaniyanın Ştutqart şəhərindəki “La Lune” teatrında azərbaycanlı bəstəkar Günay Mirzəyevanın trombon və fortepiano üçün “Via “Şur” (“Şur” muğamına gedən yol”) əsərinin premyerası böyük uğurla keçib. Əsəri trombonda Heydər Nəsrulla, fortepianoda  Günay Mirzəyeva ifa ediblər.

Əsər Almaniya Mədəniyyət Nazirliyinin, Almaniya Bəstəkarlar Assosiasiyası və Ştutqart Aktual Musiqi Assosiasiyasının dəstəyi ilə hər il keçirilən layihə çərçivəsində yazılıb. Bu dəfə layihə muğam musiqisinə həsr olunub.

Konsertdə bəstəkarın Fadel Boubakerin udda müşayiəti ilə ifa etdiyi iki mahnı – “Sarı gəlin” və “Bana-bana gəl” mahnıları da alqışlarla qarşılanıb.

Günay Mirzəyeva “Azərbaycanın gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının (2007-2015)” təqaüdçüsüdür. Ştutqart Konservatoriyasının, Roma Santa Çeçiliya Konservatoriyasının məzunudur, Karlsrue Konservatoriyasında məşhur bəstəkar, professor Volfqanq Rimin sinfində oxuyub. Almaniyada Azərbaycan Mədəniyyət Mərkəzinin sədridir. Azərbaycan musiqisini və mədəniyyətini Avropa İttifaqı ölkələrində uğurla təmsil və təbliğ edir.