Seçim turuna instrumental ifaçılıq və xanəndəlik üzrə 59 nəfər qatılıb
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının (AMK) dəstəyi ilə Milli Muğam Müsabiqəsi keçirilir.
Aprelin 24-25-də AMK-da müsabiqənin ilk turu üzrə dinləmələr olub. İkinci tur aprelin 26-da təşkil olunacaq. Müsabiqənin yekun konserti isə aprelin 30-da keçiriləcək.
Milli Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə təşkil olunub.
Hər iki kateqoriya üzrə münsiflər heyətinin sədri AMK-nın rektoru Xalq artisti Siyavuş Kərimidir. İnstrumental ifaçılıq üzrə münsiflər heyətində Xalq artistləri Fəxrəddin Dadaşov, Möhlət Müslümov, Əməkdar artistlər Şirzad Fətəliyev və Çinarə Heydərova, xanəndəlik üzrə münsiflər heyətində isə Xalq artistləri Səkinə İsmayılova, Mənsum İbrahimov, Zabit Nəbizadə, Əməkdar artist Qəzənfər Abbasov yer alıblar.
Seçim turuna 41-i xanəndə, 18-i instrumental ifaçı olmaqla ümumilikdə 59 nəfər qatılıb. Onlardan xanəndə ixtisası üzrə 20 nəfər, instrumental ifaçılıq üzrə isə 18 nəfər müsabiqənin I turunda iştirak hüququ qazanıb.
Müsabiqənin ilk günündə, aprelin 24-də 9-u instrumental ifaçılıq, 10-u xanəndəlik üzrə olmaqla 19 iştirakçının çıxışı dinlənilib.
Aprelin 25-də birinci turun daha 18 iştirakçısı səhnəyə çıxıb.
Əvvəlcə instrumental ifaçılıq üzrə dinləmələr keçirilib. Bu kateqoriya üzrə 8 ifaçı – Bayraməli Əliyev, Çingiz Əliyev, Samir Əsədli, Aişə Əmrahova, Hüseynağa Səmədov, Soltan Nadirov, Vaqif Təhməzov və Solmaz Rəhimova öz ifasını təqdim ediblər. İfaçılara ümumilikdə 2 saat yarım vaxt ayrılıb.
Sonra xanəndəlik kateqoriyası üzrə dinləmələr olub. Elnarə Bəykişiyeva, Rəqsanə Əsədova, Şamo Nəbiyev, Zümrüd Məmmədova, Əfsanə Qurbanova, Lalə Hüseynova, Mirəli Sarızadə, İsmayıl Talıbxanzadə, Rauf Cəfərov və Nurlan Səfərovun ifaları dinlənilib. Ümumilikdə ifaçılara 3 saat vaxt ayrılıb.
Aprelin 26-da ikinci turda xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə qaliblər seçiləcək.
Hər iki kateqoriya üzrə 1, 2 və 3-cü yerlərin qaliblərinə müvafiq olaraq 7 000, 5 000 və 3 000 manat mükafat nəzərdə tutulub.
Milli Muğam Müsabiqəsinin qalibləri – xanəndə və instrumental ifa üzrə birinci yeri tutan iştirakçılar ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcək.
Münsiflər heyətinin üzvü Xalq artisti Möhlət Müslümov müsabiqənin keçirilməsini yüksək dəyərləndirdi: “Uzun müddət idi ki, instrumental ifaçılıq üzrə müsabiqə təşkil olunmurdu. İlk seçim turunda yeni ifaçılar kəşf etdik. Deyərdim ki, bu gün bu müsabiqə analoqu olmayan bir layihə oldu. Həm də ona görə sevindim ki, bu gün mən tələbələrimin tələbələrini qiymətləndirirdim. Vaxtilə tarzənlər Elçin Həşimov və Ələkbər Ələkbərovu tələbəm kimi müsabiqələrə hazırlaşdırmışam, bu gün isə artıq onların yetirmələri qarşımızda çıxış edirdi. İştirakçıların hər biri istedadlıdır və yüksək qiymətə layiqdirlər. Bugünkü çıxışlardan və müsabiqənin təşkilindən böyük zövq aldım”.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən milli muğam müsabiqələri və beynəlxalq muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.
Lalə Azəri