Forumun ilk gününün ikinci paneli “Yaradıcılıq: müasir Azərbaycan kinosunun perspektivləri” mövzusuna həsr olunmuşdu.

Telejurnalist, Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü Kamran Qasımovun moderatorluq etdiyi paneldə “Müəllif kinosunda uğur meyarları”, “Kinofestivallar və kinofondlar – müştərək istehsal üçün zəruri platforma” və “Satış potensialı olan filmlər üçün dəstək sistemi” mövzuları üzrə müzakirələr aparıldı.

Kinorejissorlar, Əməkdar incəsənət xadimləri – Cəmil Quliyev, Yavər Rzayev, Azərbaycan Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən Beynəlxalq Kino Məktəbinin rəhbəri Oleq Səfərəliyev, kinorejissor, ssenarist Asif Rüstəmov, təsvir rejissoru Orxan Abbasov və gənc rejissor Türkan Hüseynova çıxış etdilər.

Cəmil Quliyev müəllif filmlərinin rolundan söz açdı. Dedi ki, bu gün Azərbaycanda festivallara görə müəllif kinosu adına xələl gətirirlər, festivalın mövzusuna görə filmlər çəkilir. Film ürəklə, vətəndaş mövqeyi ilə çəkilməlidir: “Biz müəllif kinosunu inkişaf etdirməliyik. Bu olmasa, nə kinomuz inkişaf edəcək, nə də kino tariximizi yaza biləcəyik. Kinoda gənclərə dəstək vermək lazımdır. Müəllif kinosu gənclərin çəkdiyi ilk filmlərdən başlayır. “Debüt” studiyası canlanmalıdır”.

Yavər Rzayev diqqətə çatdırdı ki, kinonun tarixi müəllif kinosu ilə yazılıb. Ona görə ki, musiqi, ədəbiyyat, təsviri sənət, aktyor bunların hamısını rejissor bir araya gətirir. Rejissorun əsas məqsədi isə kinoda öz dilini tapmaq olmalıdır.

Oleq Səfərəliyev diqqətə çatdırdı ki, sovet dönəmində 70 ildə SSRİ-də 7250 film çəkilib və 15 milyon tamaşaçı yığan film uğurlu film hesab olunurdu. O siyahıda 6 Azərbaycan filmi var: “Bu gün ölkəmizdə az filmlər çəkilir. Müqayisə üçün deyim ki, ötən il Qazaxıstanda 50 film çəkilib. Nəticələrə görə, prokatda milli filmlərin həcmi 40 faizə çatıb. Ən vacib məsələ tamaşaçını zallara qaytarmaqdır. Bundan əlavə, kinodramaturgiya ilə bağlı dərsliklər Azərbaycan dilinə tərcümə edilməlidir”.

Orxan Abbasov kino sahəsində sistemləşmə, maliyyə fondlarının axtarış yolları və dünya təcrübəsi haqqında düşüncələrini bölüşdü.

Asif Rüstəmov beynəlxalq film festivallarına Azərbaycan filmlərinin qəbulu və hazırda kino sahəsində çalışan gənc rejissorlara münasibətə fikir bildirdi. Dedi ki, film yaxşıdırsa, heç nə ona maneə ola bilməz. Təbii ki, konyunktura və klişelərlə film çəkəndə iş daha rahat olur. Lakin uğur üçün bu, şərt deyil.

Türkan Hüseynova da “Debüt” studiyasının yenidən fəaliyyətinin bərpası məsələsinə toxundu. Bildirdi ki, studiyalar nə qədər çox olarsa, müəllif filmləri də bir o qədər bu studiyalardan yol alıb inkişaf edəcək.

Çıxışlardan sonra auditoriyanın sualları cavablandırıldı, fikir mübadiləsi aparıldı.

L.Azəri