İyunun 9-da Heydər Əliyev Mərkəzində “Kremerata Baltika” Kamera Orkestrinin konserti olacaq.
“Kremerata Baltika” ilk dəfə geniş auditoriyaya 1997-ci ildə Avstriyanın “Lokenhaus” festivalında orkestrin direktoru, tanınmış skripka ifaçısı Gidon Kremer tərəfindən təqdim olunub. Orkestrdə Latviya, Litva və Estoniyadan olan istedadlı gənc musiqiçilər ifa edirlər. Kollektivi yaradarkən maestro gənc həmkarları ilə zəngin təcrübəsini bölüşmək məqsədi güdürdü. İlkin mərhələdə fəaliyyəti uzunmüddətli təhsil layihəsi kimi nəzərdə tutulan gənc kollektiv qısa zamanda tədris prosesi çərçivəsindən çıxaraq Avropanın məşhur və konsertləri böyük maraqla gözlənilən orkestrləri sırasına daxil olub.
“Kremerata Baltika” dünyanın 50-dən çox ölkəsində mindən çox konsert proqramı ilə çıxış edib. 20-dən çox CD yazıb, 2002-ci ildə isə “Qremmi” mükafatına layiq görülüb.
Bakı konsertinin solistləri Litva “Kremerata”sının yaradıcısı, skripka ifaçısı Dzeraldas Bidva və tanınmış violonçel ifaçısı, bir çox müsabiqələrin laureatı Giedre Dirnavauskaitedir.
Konsertdə Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri də çıxış edəcək. Azərbaycanlı dirijoru “Kremerata Baltika” ilə yaradıcı dostluq bağlayır. O, mütəmadi olaraq müxtəlif festivallarda bu orkestrlə çıxış edir.
2021-ci ilin sentyabrında Latviyanın Yurmala şəhərində 18-ci Kremerata Baltika festivalında Fuad İbrahimovun rəhbərliyi ilə konsert proqramı təqdim olunmuşdu. Proqramda Fikrət Əmirovun “Nizami” simfoniyası da səslənmişdi.
“Kremerata Baltika”nın 2021-ci ilin noyabrında Heydər Əliyev Mərkəzindəki konsertinə də Fuad İbrahimov dirijorluq etmişdi. “Nizami Gəncəvi İli” çərçivəsində təşkil edilən proqramda F.Şopen, F.Mendelson, F.Əmirov və digər bəstəkarların əsərləri yer almışdı.