Ulu öndərin 100 illik yubileyinə həsr olunan müsabiqə keçirildi

 

Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə mədəni-kütləvi tədbirlərin sırası hər ötən gün genişlənir.

Mayın 3-də Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə Ümummilli liderin yubileyinə həsr olunmuş “Sən elə bir zirvəsən...” adlı bədii qiraət müsabiqəsi keçirildi.

ATXİ-nin böyük zalında keçirilən tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, sənətsevərlər iştirak edirdilər.

Qonaqlar əvvəlcə binanın foyesində fotosərgi ilə tanış oldular. Böyük şəxsiyyətin ömür yolunun ayrı-ayrı anlarının əks olunduğu fotosərgi sonra yerini səhnədəki böyük ekranda videoçarxa verdi. Biz tarixi kadrlar vasitəsilə fəaliyyətinin bütün dönəmlərində Vətəninin inkişafı üçün çalışan və bu mənada milli mədəniyyəti, onun bütün istedad və bacarıqlı simalarını diqqəti ilə əhatə edən bir şəxsiyyətin əməllərinə yenidən şahidlik etdik.

Tədbirdə çıxış edən ATXİ-nin sədr müavini Xalq artisti Hacı İsmayılov Ulu öndərin sənətə və sənətkara diqqət və ehtiramında danışdı, onun Azərbaycanın tərəqqisi yolunda atdığı tarixi addımlar sayəsində xalqın yaddaşında əbədi qalacağını dedi. Müsabiqə haqqında məlumat verən Xalq artisti bildirdi ki, layihənin məqsədi Ulu öndərimizə həsr olunmuş ədəbi-bədii nümunələri təbliğ etmək, habelə milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, bədii qiraətə olan marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdan ibarətdir.

Sonra səhnə paytaxt və bölgə teatrlarından seçilmiş aktyorların ixtiyarına verildi.

Qaçaq Qarayev (Füzuli teatrı), Anar Əhmədov (Ağdam teatrı), Ramella Rzayeva (Qusar teatrı), Yusif Həsənov (Qazax teatrı), Şölə Alışova (Naxçıvan teatrı), Xalidə Şərifova, Rəşad Səfərov (hər ikisi Gənc Tamaşaçılar Teatrı), Saleh Əzimzadə (Lənkəran teatrı), İlkin Mehdiyev (Akademik Rus Dram Teatrı), Xanirə İsgəndərova (Şuşa teatrı) və İzaməddin Bağırov (Sumqayıt teatrı) Ulu öndərə həsr olunmuş poeziya nümunələrindən seçmələri böyük sevgi və ehtiramla təqdim etdilər. Onların məharəti tanınmış rejissor, aktyor, qiraətçi və pedaqoqlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildi.

Xatırladaq ki, müsabiqəyə müraciət edən 50-yə yaxın iştirakçı arasından seçilən 11 qiraətçinin mükafatlandırma mərasimi mayın 5-də keçiriləcək.

Həmidə